Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''
Britaniya Geoloji Xidmətinin seysmoloqu Brayan Baptinin sözlərinə görə, 1900-cü ildən bəri Əfqanıstanın şimal-şərqində 7 bal gücündə 12 zəlzələ qeydə alınıb
Əfqanıstan Səhiyyə Nazirliyi ölkənin şimalında baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində ən azı 20 nəfərin həlak olduğunu və təxminən 320 nəfərin yaralandığını açıqlayıb.
Nazirliyin sözçüsü Şərafət Zaman yayımladığı videomüraciətində bildirib ki, təbii fəlakət nəticəsində Bəlx və Samanqan əyalətlərində ümumilikdə 320-yə yaxın vətəndaş yaralanıb, 20-dən çox insan isə həyatını itirib.
ABŞ Geoloji Xidməti (USGS) məlumatına görə, zəlzələ bazar günü GMT vaxtı ilə saat 20:30 radələrində ölkənin ən böyük şəhərlərindən biri olan Məzari-Şərif yaxınlığında qeydə alınıb. Zəlzələnin ocağı 28 kilometr dərinlikdə yerləşib.
Almaniya Geologiya Elmləri Tədqiqat Mərkəzi isə zəlzələnin gücünü 6,4 bal olaraq qiymətləndirib.
Xatırladaq ki, avqustun 31-də Əfqanıstanın şərqində baş verən 6,0 bal gücündə zəlzələ nəticəsində 2200-dən çox insan həlak olmuşdu.
Avrasiya və Hindistan plitələrinin kəsişdiyi Hindukuş dağ silsiləsi boyunca yerləşən Əfqanıstan seysmik cəhətdən çox fəal bölgələrdən biridir.
Britaniya Geoloji Xidmətinin seysmoloqu Brayan Baptinin sözlərinə görə, 1900-cü ildən bəri Əfqanıstanın şimal-şərqində 7 bal gücündə 12 zəlzələ qeydə alınıb.