İrlandiyanın Baş naziri İsrailin Qəzzaya son hücumlarını qətiyyətlə pisləyib

Oktyabrın 29-da rəsmi “X” platformasında paylaşım edən Martin bildirib ki, Qəzzada 46-sı uşaq olmaqla 100-dən çox insanın həyatına son qoyan hücumlar qəbuledilməzdir

İrlandiyanın Baş naziri İsrailin Qəzzaya son hücumlarını qətiyyətlə pisləyib / Reuters

İrlandiyanın Baş naziri Maykl Martin İsrailin Qəzzaya son hücumlarını qətiyyətlə pisləyib. Oktyabrın 29-da rəsmi “X” platformasında paylaşım edən Martin bildirib ki, Qəzzada 46-sı uşaq olmaqla 100-dən çox insanın həyatına son qoyan hücumlar qəbuledilməzdir. O, bütün tərəfləri atəşkəs razılaşmasına əməl etməyə və onu tam şəkildə həyata keçirməyə çağırıb, həmçinin Qəzza xalqına humanitar yardımın artırılmasının vacibliyini vurğulayıb.

Baş nazir günahsız insanların həyatını itirməsini “dəhşətli” adlandıraraq beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bütün tərəflər öz öhdəliklərini yerinə yetirməli və planın digər elementlərinin irəliləməsini təmin etməlidirlər. “Artıq çox sayda insan əziyyət çəkib və həyatını itirib”, – deyə Maykl Martin qeyd edib.

Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netanyahu bazar günü Nazirlər Kabinetinin iclasında verdiyi açıqlamada ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəsə baxmayaraq İsrailin Qəzzaya növbəti zərbənin vaxtını özünün müəyyən edəcəyini bildirib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin son hücumları nəticəsində 78-i uşaq və 84-ü qadın olmaqla 253 nəfər yaralanıb. Nazirlik həmçinin bildirib ki, atəşkəs qüvvəyə mindikdən sonra törədilən hücumlarda azı 211 nəfər ölüb, 597 nəfər yaralanıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzzaya hücumlarında əksəriyyəti qadın və uşaqlar olmaqla 68 mindən çox insan həyatını itirib, 170 mindən çox insan isə yaralanıb.