TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə və İspaniya arasında müdafiə sənayesi sahəsində müqavilə imzalandı
Türkiyə və İspaniya arasında müdafiə sənayesi sahəsində ümumi dəyəri 2,6 milyard avro olan müqavilə imzalanıb
Türkiyə və İspaniya arasında müdafiə sənayesi sahəsində müqavilə imzalandı
Türkiyə və İspaniya arasında müdafiə sənayesi sahəsində müqavilə imzalandı / AA
30 dekabr 2025

Türkiyə və İspaniya arasında müdafiə sənayesi sahəsində ümumi dəyəri 2,6 milyard avro olan müqavilə imzalanıb. Razılaşmaya əsasən, İspaniya Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi olan HÜRJET-in alınmasına razılıq verib.

Bu müqavilə Türkiyənin müdafiə sənayesi üçün mühüm və tarixi bir mərhələ kimi qiymətləndirilir. HÜRJET təyyarələri TUSAŞ müəssisələrində istehsal olunacaq və müqavilənin icrasına 2028-ci ilin son rübündə başlanılması planlaşdırılır.

Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün müqaviləni əlamətdar bir ixrac uğuru adlandırıb. Onun sözlərinə görə, 30 ədəd təyyarəni əhatə edən ixrac paketi çərçivəsində HÜRJET İspaniya Hava və Kosmik Qüvvələri tərəfindən rəsmi olaraq seçilib. Görgün bildirib ki, ümumi layihə dəyəri 2,6 milyard avro olan proqram çərçivəsində tədarüklərə 2028-ci ildə başlanması nəzərdə tutulur.

O, bildirib ki, milli imkanlarla dizayn edilmiş və istehsal olunmuş reaktiv təlim təyyarəsinin Avropa və NATO üzvü olan bir ölkənin inventarına daxil edilməsi Türkiyə müdafiə sənayesinin dizayn, istehsal, sistem inteqrasiyası, sertifikatlaşdırma və davamlılıq sahələrində əldə etdiyi yüksək səviyyəni açıq şəkildə nümayiş etdirir.