Yunanıstandan gəmilər Qəzza blokadasını yarmaq məqsədi daşıyan "Global Sumud" donanmasına qoşulur

Yunanıstandan yola düşən gəmilərin məqsədinin İsrailin Qəzza blokadasını yarmaq, beynəlxalq ictimaiyyəti səfərbər etmək və Qəzzaya humanitar yardımların çatdırılması üçün təhlükəsiz dəhlizin yaradılmasına töhfə vermək olduğu bildirilib

Qlobal Sumud donanması / AA

Yunanıstandan gələn gəmilər İsrailin Qəzza blokadasını yarmaq və humanitar yardım çatdırmaq məqsədi daşıyan irimiqyaslı beynəlxalq mülki donanma olan “Global Sumud” donanmasına qoşulmaq üçün Siros adasının limanından yola düşüblər.

“Oksigono”nun ekipajı tamamilə yunanlar, “İlektra”da isə Yunanıstan və digər ölkələrdən könüllülərin olduğu bildirilib.

Bütün gün ərzində adada dəstək tədbirləri keçirilib və yüzlərlə insan ekipajın əhval-ruhiyyəsini yüksəltmək üçün limana toplaşıb.

Gəmilər yola düşərkən izdiham Fələstin bayraqlarını dalğalandıraraq “Qəzzəyə azadlıq”, “Müqavimət qalib gələcək”, “İsrailə yox” kimi şüarlar səsləndirib.

Yunanıstanda Fələstin tərəfdarı olan "Qəzzaya yürüş" hərəkatının rəsmiləri vurğulayıblar ki, Yunanıstan gəmilərinin məqsədi İsrailin Qəzza blokadasını yarmağa kömək etmək, beynəlxalq ictimaiyyəti səfərbər etmək və Qəzzaya humanitar yardım çatdırmaq üçün təhlükəsiz dəhlizin yaradılmasına töhfə verməkdir.

Donanma bölgədəki humanitar fəlakəti vurğulayaraq qlobal ictimaiyyətə güclü həmrəylik mesajı göndərir.

“Global Sumud” donanması keçən ay İspaniyanın Barselona və İtaliyanın Genuya şəhərlərindən yola düşən gəmilərlə bir araya gəlməyə başlayıb.

Təşkilatçılar missiyanı İsrail tərəfindən bloklanan və sərnişinləri deportasiya edilən əvvəlki qayıq cəhdlərindən fərqli olaraq görünməmiş bir təşəbbüs kimi qiymətləndiriblər.

Qəzzadakı fələstinlilərə humanitar yardım çatdırmaq və blokadaya qarşı çıxmaq məqsədi daşıyan bu konvoy öz növünün ən böyüyüdür. İsrailin bir neçə aydır bütün keçid məntəqələrini bağlamasından sonra bölgə aclıqdan əziyyət çəkir.

Soyqırım

İsrail 2023-cü ilin oktyabrından bəri Qəzzada törətdiyi qırğınlarda əksəriyyəti qadın və uşaq olmaqla təxminən 65 min fələstinlini öldürüb.

Soyqırım zamanı İsrail regionun çox hissəsini viran qoymuş və demək olar ki, bütün əhalini köçkün vəziyyətinə salmışdır.

Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi qətliamçı Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətdiyinə görə həbs olunmasına order verib.

İsrail həmçinin regionda apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə qarşı-qarşıyadır.