Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ən azı 66 nəfər həlak olub

Kolumbiyanın cənubunda hərbi təyyarənin düşməsi nəticəsində ən azı 66 nəfər həyatını itirib, onlarla insan yaralanıb

By
Kolumbiya hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 66 nəfər həlak olub / AFP

"Hercules C-130" tipli təyyarə Ekvador sərhədi yaxınlığındakı Puerto Leguizamodan qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb və yanan qalıqlar Amazon meşələrinə yayılıb.

Təyyarənin Amazon meşəliyində başqa bir polis mərkəzinə 114 hərbi personal və 11 ekipaj üzvü daşıdığı bildirilib.

General Karlos Fernando Silva Rueda təyyarədəki ümumi şəxs sayını təsdiqləyib. Rəsmilər 48 nəfərin sağ qaldığını, 21 nəfərin isə hələ də itkin olduğunu bildiriblər.

Dövlət başçısı Qustavo Petro verdiyi ilk açıqlamada qəzanın səbəbinin məlum olmadığını ifadə edib.

Müdafiə naziri Pedro Sançes (Pedro Sanchez) faciəvi qəza ilə bağlı "dərin kədər" hissi keçirdiyini bildirərkən, yaralılara kömək etmək üçün bir komandanın göndərildiyini təsdiqləyib.

Sançes "X" sosial şəbəkəsində etdiyi paylaşımda: "Zərərçəkənlərin ailələrinə ən səmimi başsağlığımı çatdırıram və... rəsmi məlumatlar gələnə qədər spekulyasiyalardan imtina edilməsini xahiş edirəm” deyib.

Hadisə yerindən gələn görüntülərdə ağacların üzərindən tüstü və alovların ucaldığı bir vaxtda mülki şəxslərin təyyarənin sınıq quyruq hissəsinin ətrafında dolaşdığı görülür.

Sözügedən problemli sərhəd bölgəsi son həftələrdə Kolumbiya və Ekvador qüvvələrinin narkotik ticarəti ilə məşğul olan kartellərlə mübarizə apardığı intensiv hərbi fəallığa səhnə olub.

Bu hadisə Cənubi Amerikada son bir ay ərzində "C-130 Hercules" tipli təyyarələrin keçirdiyi ikinci qəza kimi qeydə alınıb. 27 fevralda La-Pas yaxınlığında Boliviyaya məxsus hərbi yük təyyarəsi düşmüş və qəzada ən azı 24 nəfər həyatını itirmişdi.

"Lockheed Martin" tərəfindən istehsal olunan dörd mühərrikli turbopərvanəli təyyarə olan "Hercules" müvəqqəti uçuş-enmə zolaqlarından qalxma və enmə qabiliyyəti ilə tanınır və dünya miqyasında ordular tərəfindən geniş şəkildə istifadə olunur.