Nepalda vətəndaşlar parlament seçkilərinə hazırlaşır
On doqquz milyon seçicinin iştirak etdiyi seçkilər hökumətin devrilməsinə səbəb olan korrupsiyaya qarşı etirazlardan altı ay sonra baş tutur
Nepalda 2006-cı ildə vətəndaş müharibəsinin başa çatmasından bəri ən gərgin seçkilərdən biri üçün hazırlıq işləri aparılır. Seçkilər korrupsiyaya qarşı etiraz aksiyalarının hökuməti devirməsindən və insan tələfatına səbəb olmasından altı ay sonra keçirilir.
Martın 5-də baş tutacaq seçkilər nəticəsində Himalaylarda yerləşən respublikada yeni parlamentin tərkibi məlum olacaq. 30 milyon əhalisi olan ölkədə formalaşacaq yeni parlament 2025-ci ilin sentyabrında baş verən və təxminən 77 nəfərin həyatını itirdiyi üsyandan sonra qurulan müvəqqəti hökuməti əvəz edəcək.
Paytaxt Katmandunun mərkəzində yerləşən Durbar meydanında seçki rəsmilərinin martın 5-də keçiriləcək səsvermə üçün qutuları quraşdırdıqları bildirilir.
Müvəqqəti Baş nazir Suşila Karki vətəndaşları heç bir tərəddüt hissi keçirmədən səs vermədə iştirak etməyə çağırıb.
Qeyd edək ki, ölkə dünyanın ən yüksək on zirvəsindən səkkizinə, o cümlədən Everest dağına ev sahibliyi edir. Bu səbəblə helikopterlər seçki materiallarını Nepalın qarla örtülü dağlıq bölgələrinə çatdırıb.
Lakin bu dəfə diqqət paytaxtın cənubunda yerləşən və kənd təsərrüfatının üstünlük təşkil etdiyi düzənliklərə yönəlib. Əvvəlki seçkilərdə əsas diqqət Katmanduya yönəldiyi halda, bu dəfə üç Baş nazir namizədi məhz həmin bölgədə mandat uğrunda mübarizə aparır.
Keçən il baş nazir vəzifəsindən uzaqlaşdırılan və yenidən hakimiyyətə qayıtmağa çalışan 74 yaşlı marksist lider Şarma Oli öz seçki dairəsində 35 yaşlı repçi-siyasətçi və Katmandunun sabiq meri Balendra Şahla rəqabət aparır.
Ölkə üzrə təxminən 19 milyon seçici qeydiyyatdan keçib. Beləliklə də seçicilər Ş.Olinin mandatını qoruyub saxlayıb-saxlamayacağını və ya Şahın parlamentə daxil olub-olmayacağını müəyyən edəcək.