ABŞ, Misir, Qətər və Türkiyənin Qəzzada atəşkəsin təmin olunmasına dair razılaşmanı imzalaması bütün dünyada rezonans doğurub. Dünya liderləri bu sənədi sülh üçün yeni səhifə kimi qiymətləndirərək, onun davamlı sabitliyi təmin edəcəyini bildiriblər.
Sənəd oktyabrın 14-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən beynəlxalq sammit zamanı imzalanıb.
Dünya liderlərinin bəzi bəyanatları:
Amerika Birləşmiş Ştatları
ABŞ prezidenti Donald Tramp İsrail və “Həmas” arasında həyata keçirilən əsir mübadiləsindən bir neçə saat sonra Qəzza zolağında atəşkəsin təmin olunmasına dair bəyannamənin imzalanmasını “Yaxın Şərq üçün böyük gün” kimi qiymətləndirib. Ağ Ev isə bildirib ki, saziş sülh və firavanlıq üçün yeni bir səhifə açır.
Misir
Sammitə həmsədrlik edən Misir prezidenti Əbdülfəttah əs-Sisi bu razılaşmanı “əhəmiyyətli mərhələ” adlandırıb. Rəsmi Qahirə sazişin tam icrasını təmin etmək və sülh prosesinin növbəti mərhələsini asanlaşdırmaq üçün Qətər, Türkiyə və ABŞ ilə koordinasiyaya davam edəcəyini açıqlayıb.
Misir Qətər və Türkiyənin kritik vasitəçiliyini yüksək qiymətləndirərək, liderlərin atəşkəsin həyata keçirilməsini dəstəkləyən birgə sənəd imzaladıqlarını bildirib. Misir 1967-ci il sərhədlərinə əsaslanan iki dövlətli həll yolunu dəstəklədiyini bir daha vurğulayaraq idarəetmə, təhlükəsizlik, yenidənqurma və siyasi proses üzrə sürətli məsləhətləşmələrə çağırıb.
Türkiyə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şarm əl-Şeyxdə keçirilən sammitdə iştirak edib. Ərdoğanı xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət ediblər.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib ki, rəsmi Ankaranın ən böyük arzusu qan tökülməsinin sona çatması və daimi atəşkəsin təmin olunmasıdır. O, son hadisələrin ümidverici olduğunu, lakin İsrailin son iki ildə törətdikləri səbəbindən diqqətli nəzarətə ehtiyac olduğunu vurğulayıb.
Numan Kurtulmuş Netanyahu hökumətinin yenidən zorakılığa başlaya biləcəyi barədə xəbərdarlıq edərək beynəlxalq ictimaiyyəti davamlı sülhü təmin etmək üçün təzyiqi davam etdirməyə çağırıb.
Qətər
Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani Şarm əl-Şeyxdə keçirilən Sülh Sammitinin “müsbət nəticələrini” yüksək qiymətləndirərək bunu birlik və sabitliyə doğru atılan yeni addım adlandırıb.
Şeyx Təmim bin Həməd Əl Sani deyib:
“Ümid edirik ki, sammit Qəzzadakı qardaşlarımızın ümidlərini qarşılayan gələcək razılaşmalar üçün tramplin olacaq.”
Fransa
Fransa prezidenti Emmanuel Makron atəşkəsi girovlar, onların ailələri, İsrail xalqı və Fələstin xalqı üçün tarixi bir gün kimi qiymətləndirib və dünyanı təvazökarlıqla növbəti addıma birlikdə hazırlaşmağa çağırıb.
Sammitdən sonra çıxış edən E.Makron Fransanın Qəzzada humanitar yardım əməliyyatlarını sürətləndirəcəyini və ABŞ və İsraillə birlikdə yardımın “fasiləsiz və maneəsiz” çatdırılmasını təmin edəcəyini bildirib.
O, həmçinin Fransanın qarşıdakı həftələrdə razılaşmanın birinci mərhələsi çərçivəsində Qəzza ilə bağlı humanitar yardım konfransı keçirəcəyini açıqlayıb.
İtaliya
İtaliyanın baş naziri Corcia Meloni bildirib ki, İtaliya atəşkəs razılaşmasından sonra Fələstin dövlətini tanımağa daha da yaxınlaşıb.
“Sülh planı həyata keçirilərsə, İtaliyanın Fələstini tanıması şübhəsiz ki, daha yaxın olacaq’’,-deyə Corcia Meloni vurğulayıb.
Atəşkəs rejimini ABŞ prezidenti Donald Tramp üçün “böyük uğur” adlandıran Meloni İtaliyanın BMT mandatı altında Qəzzada sabitliyin təmin olunması üçün səylər göstərməyə hazır olduğunu söyləyib.
“İtaliya üzərinə düşəni etməyə hazırdır. Bu, tarixi gündür,” – deyə Corcia Meloni vurğulayıb.
Avropa İttifaqı
Avropa Şurasının sədri Antonio Kosta bildirib ki, Avropa İttifaqı Qəzzanın yenidən qurulması və keçid dövrünün idarə edilməsində iştirak etməyə hazırdır”.
“Avropa İttifaqı bu sülh planının həyata keçirilməsinə tam sadiqdir,” – deyə Antonio Kosta vurğulayıb.
Pakistan
Pakistanın baş naziri Şahbaz Şərif Trampı və digər vasitəçiləri “milyonlarla insanın həyatını xilas etdiyinə” görə tərifləyib və Trampın Nobel Sülh Mükafatına layiq görülməsi ilə bağlı çağırışı təkrarlayaraq deyib:
“O, sülh mükafatı üçün mükəmməl namizəddir, çünki təkcə Cənubi Asiyada deyil, həm də Qəzzada sülhün təmin olunmasına nail olub.”
Şərif Pakistanın Qəzzanın yenidən qurulmasına və ədalətli və davamlı sülhün təşviqinə sadiqliyini” vurğulayıb.












