Yerli hakimiyyət orqanları Suriyanın şimal-qərbində yerləşən sahil şəhəri Latakiyada ölümlə nəticələnən hadisələrdən sonra müvəqqəti komendant saatının tətbiq edildiyini açıqlayıb.
Latakiya Valiliyinin dekabrın 25-də yaydığı məlumata görə, komendant saatı Daxili Təhlükəsizlik Komandanlığı tərəfindən dekabrın 30-da yerli vaxtla saat 17:00-dan (GMT 14:00) etibarən qüvvəyə minib və bu gün saat 06:00-dək (GMT 03:00) davam edəcək.
Rəsmilər komendant saatının fövqəladə hallar, səhiyyə işçiləri, təcili tibbi yardım və yanğınsöndürmə briqadalarına şamil olunmadığını bildiriblər. Vətəndaşlara qərara tam əməl etmələri və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmələri çağırışı edilib, qaydaları pozanların qanun qarşısında cavab verəcəyi barədə xəbərdarlıq olunub.
Suriyanın Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba bildirib ki, Nazirlik səbəbindən asılı olmayaraq heç bir qanunsuz və ya məsuliyyətsiz hərəkətə göz yummayacaq və Suriyanın bütün vətəndaşlarını qanun və dövlət hakimiyyəti çərçivəsində qorumaq öhdəliyinə sadiqdir.
Əl-Baba Latakiya sakinlərini qanuna riayət etməyə, ictimai təhlükəsizliyə və ya milli birliyə zərər verə biləcək hərəkətlərdən — xüsusilə də təxribatlardan, məsuliyyətsiz fərdi davranışlardan və xaosla qeyri-sabitlik yaymağa çalışanları izləməkdən çəkinməyə çağırıb.
O, Suriya dövlətinin vətəndaşlara və ya onların əmlakına qarşı yönəlmiş hər cür zərərvermə və hücum aktlarını rədd etdiyini, bu cür əməlləri qanunun açıq pozuntusu kimi qiymətləndirdiyini və onların hüquqi tədbirlərlə üzləşəcəyini bildirib.
Suriya Ərəb Xəbər Agentliyinin (SANA) yaydığı açıqlamada sözçü əlavə edib: “Fərdi səhvlər ümumiləşdirilə bilməz və digər pozuntulara bəraət qazandırmaq üçün istifadə edilə bilməz”.
Ölümcül hücumlar
Komendant saatı dekabrın 28-də Suriyanın sahil və mərkəzi bölgələrində yerləşən bir neçə şəhərdə etiraz aksiyalarında xidmət aparan təhlükəsizlik qüvvələrinə silahlı şəxslər tərəfindən həyata keçirilən hücumlardan sonra elan edilib.
Rəsmilərin verdiyi məlumata görə, hücumlar nəticəsində Latakiyada təhlükəsizlik əməkdaşları və mülki şəxslər də daxil olmaqla dörd nəfər həyatını itirib, 108 nəfər yaralanıb.
Yeni Suriya hökuməti bildirib ki, xüsusilə uzun illər Bəşər Əsəd rejiminin yüksək vəzifəli şəxslərinin dayağı hesab olunan sahil bölgəsində sabitliyi pozmaqda ittiham edilən keçmiş rejim qalıqlarını izləmək və bu ərazilərdə təhlükəsizliyi bərpa etmək üçün işlər aparılır.
Suriyanı təxminən 25 il idarə etmiş Bəşər Əsəd 2024-cü ilin sonlarında Rusiyaya qaçaraq, 1963-cü ildən hakimiyyətdə olan BƏƏS Partiyası rejiminə son qoyub. 2025-ci ilin yanvarında isəƏhməd əl-Şaraa rəhbərliyində keçid hökuməti formalaşdırılıb.













