BMT-nin Baş katibi Antonio Quterreş İsrailin Livana qarşı hücumlarını pisləyib
O, artan mülki itkilərə diqqət çəkərək bunun regionda sülhə ciddi təhlükə yaratdığını bildirib
BMT-nin Baş katibi Antonio Quterreş İsrailin Livanda törətdiyi hücumları kəskin şəkildə pisləyib. O, artan mülki itkilərə diqqət çəkərək bunun regionda sülhə ciddi təhlükə yaratdığını bildirib.
Antonio Quterreş qeyd edib ki, aprelin 8-də törədilən hücumlar nəticəsində yüzlərlə mülki şəxs, o cümlədən uşaqlar ölüb və yaralanıb, həmçinin mülki infrastruktura böyük ziyan dəyib.
Baş katib artan insan tələfatından narahatlığını ifadə edərək Livan hökumətinə və xalqına başsağlığı verib, yaralılara isə şəfa diləyib.
Bəyanatda həmçinin vurğulanıb ki, İran və ABŞ arasında elan olunan atəşkəsə baxmayaraq Livanda hərbi əməliyyatların davam etməsi regionda sülhün təmin olması üçün göstərilən səylərə mənfi təsir göstərir. A. Quterreş bütün tərəfləri gərginliyi artırmamağa və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Antonio Quterreş beynəlxalq humanitar hüququn qorunmasının vacibliyini bir daha xatırladaraq, mülki şəxslərin və infrastrukturun toxunulmaz olduğunu, onlara qarşı hücumların isə qəbuledilməz olduğun u vurğulayıb. Münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bildirən A.Quterreş, tərəfləri diplomatik yollar axtarmağa və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etməyə çağırıb.
Xatırladaq ki, İran və ABŞ aprelin 7-də iki həftəlik müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Atəşkəsin məqsədi ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı və minlərlə insanın həyatına son qoyan müharibəni dayandıracaq yekun sülh sazişinə zəmın yaratmaq idi.
Qeyd edək ki, atəşkəsə dair razılaşma ABŞ Prezidenti Donald Trampın İrana verdiyi son möhlətdən cəmi iki saat əvvəl əldə olunub.