Filippin sahillərində 7,4 bal gücündə zəlzələ baş verib

Filippin Seysmoloji Xidməti dağıntılar və afterşokların gözlənildiyini açıqlayıb

Filippin sahillərində 7,4 bal gücündə zəlzələ baş verib / AA

Filippinin cənub sahillərində 7,4 bal gücündə güclü zəlzələ baş verib.
Filippin Seysmoloji Xidməti dağıntılar və afterşokların gözlənildiyini açıqlayıb.

Seysmoloji Xidmətin direktoru Teresito Bakolkol bildirib ki, zəlzələdən sonra sunami xəbərdarlığı veriləcək. Zəlzələ səhər saat 09:43-də Mindanao bölgəsindəki Manay şəhərindən təxminən 20 kilometr aralıda baş verib.

Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı elan olunub. Yaxın iki saat ərzində ölkənin Sakit okean sahillərində bir metrə qədər dalğalar gözlənilir. Bu ərazilərdə yaşayanlara dərhal daha yüksək ərazilərə köçmələri tövsiyə olunur.

Hələlik dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, 11 gün əvvəl Sebu adasında 6,9 bal gücündə zəlzələ baş vermiş, nəticədə 74 nəfər həyatını itirmiş, təxminən 72,000 ev isə dağılıb və ya zədələnmişdi.