A.Əraqçi BRICS blokunun qlobal təhlükəsizliyi dəstəkləməsinin əhəmiyyətini vurğulayıb

İranın xarici işlər naziri məsələylə bağlı hindistanlı həmkarı ilə telefon danışığı keçirib

By
A.Əraqçi BRICS blokunun qlobal təhlükəsizliyi dəstəkləməsinin əhəmiyyətini vurğulayıb / Reuters

İranın xarici işlər naziri Abbas Əraqçi martın 13-də verdiyi açıqlamada qeyd edib ki, Yaxın Şərqdə gərginlik davam etdiyi bir vaxtda BRICS blokunun regional və qlobal sabitliyin qorunmasında rol oynaması həyati əhəmiyyət daşıyır.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, A.Əraqçi bu fikirləri Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə telefon danışığı zamanı səsləndirib.

Qeyd edək ki, hazırda Hindistan dövləti Çin, Cənubi Afrika, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla 11 üzvdən ibarət inkişaf edən iqtisadiyyatlar blokuna sədrlik edir.

BRICS-in çoxtərəfli əməkdaşlığın inkişafı üçün forum kimi əhəmiyyətini və mövqeyini vurğulayan A.Əraqçi bildirib ki, mövcud mərhələdə qurumun regional və qlobal sabitlik və təhlükəsizliyin dəstəklənməsində konstruktiv rol oynaması zəruridir.

A.Əraqçi həmçinin ABŞ və İsraillə yaşanan qarşıdurma səbəbiylə regional və beynəlxalq qurumların İrana qarşı hərbi təcavüzü pisləməsinin zəruri olduğunu vurğulayıb.

 

ABŞ–İsrail hücumu

Nazirliyin açıqlamasında bildirilir ki, martın 12-də baş tutan telefon danışığı tərəflər arasında keçirilən dördüncü görüş olub. Keçirilən sonuncu telefon danışığında İranın xarici işlər naziri tərəfindən S.Cayşankara ABŞ və İsrail rejiminin İrana qarşı həyata keçirdiyi hücum aktlarından irəli gələn son vəziyyət, eləcə də bunun regional və qlobal sabitlik və təhlükəsizlik üçün nəticələri barədə məlumat verilib.

Subramanyam Cayşankar da iranlı həmkarı ilə apardığı telefon danışığı ilə bağlı qısa açıqlama verib. O, “X” platforması üzərindən etdiyi paylaşımda deyib: “İkili məsələlərlə yanaşı, BRICS ilə bağlı mövzuları da müzakirə etdik.”

Bildirilir ki, həmçinin Hindistanın baş naziri Narendra Modi də martın 12-də İran prezidenti Məsud Pezeşkian ilə görüşərək Yaxın Şərqdəki gərginliklə bağlı dərin narahatlığını ifadə edib.

Xatırladaq ki, ABŞ–İsrail Tehran hakimiyyətinə qarşı birgə hücuma başlamasından bəri İran dövləti İsraili və ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrini hədəf alan PUA və raket zərbələri ilə cavab tədbirləri həyata keçirir.