İQTİSADİYYAT
2 dəqiqə oxuma
Neft qiymətlərində geriləmə davam edir
“Brent” markalı neftin bir bareli 87,88 dollara enib
Neft qiymətlərində geriləmə davam edir
Neft qiymətlərində geriləmə davam edir / aa
 

“Brent” markalı neftin bir barelinin qiyməti bu gün saat 09:10-a olan məlumata görə, əvvəlki bağlanış qiyməti ilə müqayisədə təxminən 1 faiz azalaraq 87,88 dollara enib. Eyni dəqiqələrdə Qərbi Texas (WTI) markalı xam neftin yanvar fyuçerslərinin bir barelinin qiyməti 81,03 dollar təşkil edib.

Neft qiymətlərinin ucuzlaşmasına ABŞ-nin xam neft ehtiyatlarındakı artımla yanaşı, qlobal neft təklifinin tələbi üstələyəcəyi ilə bağlı gözləntilərin güclənməsi təsir göstərir.

Amerika Neft İnstitutu (API) dünyanın ən çox neft istehlak edən ölkəsi olan ABŞ-nin kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə əvvəlki həftə ilə müqayisədə 126 min barel artdığını açıqlayıb. Bazar gözləntiləri isə ehtiyatların 900 min barel artacağı yönündə idi.

Ehtiyatlardakı artımın gözləniləndən az olması ölkədə tələb–təklif bağlı narahatlıqları azaldaraq qiymətlərin aşağı yönlü hərəkətini dəstəkləyir.

Bununla yanaşı, Beynəlxalq Enerji Agentliyi (IEA) Körfəz ölkələrinin neft ixracındakı bərpanın təsiri ilə ilin son rübündə gündəlik 2 milyon barel həcmində qlobal təklif artıqlığının yarana biləcəyini proqnozlaşdırır.

Bundan əlavə, Liviyanın “Şərarə” neft yatağına birləşən boru kəmərində dayandırılan neft nəqlinin yenidən bərpa olunması da qlobal tələb–təkliflə bağlı narahatlıqları azaldır.

Beynəlxalq mətbuatda yer alan xəbərlərə görə, Liviya Milli Neft Korporasiyası (NOC) boru kəmərinin yenidən açılmasından sonra “Şərarə” neft yatağından xam neft nəqlinin bərpa edildiyini bildirib.

NOC noyabrın 23-də yaydığı açıqlamada ölkənin ən böyük neft yataqlarından biri olan “Şərarə”yə birləşən boru kəmərinin bir hissəsinin “qanunsuz bir qrup” tərəfindən bağlandığını bildirmişdi. Qurum bu vəziyyətin gündəlik təxminən 350 min barel hasilat itkisinə səbəb olacağını qeyd etmişdi.

Bununla yanaşı, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun 29 noyabrda keçirəcəyi iclas ərəfəsində qrupun 2027-ci ilə dair hasilat siyasəti investorların diqqət mərkəzindədir.

Digər tərəfdən, Hörmüz boğazı ətrafında artan təhlükəsizlik risklərinin qlobal neft tədarükündə fasilələrə yol aça biləcəyi ilə bağlı narahatlıqlar qiymətlərdəki enişi məhdudlaşdırır.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin yaydığı yazılı açıqlamada Hörmüz boğazının şərqində “icazəsiz marşrutdan” istifadə edən iki neft tankerinin dəniz minasına çırpılaraq alovlandığı bildirilib.

MƏNBƏ:TRT