Türkiyə Hindistandakı bəzi media orqanlarının ölkəni terror hücumları ilə əlaqələndirməsi iddialarını rədd edib.
Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi ‘‘NSosyal’’ platformasında paylaşım edərək bildirib ki, Hindistanın bəzi media orqanlarının Türkiyəni Hindistanda törədilən terror hücumları ilə əlaqələndirməsi və terror qruplaşmalarına logistik, diplomatik və maliyyə dəstəyi göstərməsi iddiaları zərərli dezinformasiya kampaniyasının bir hissəsi olub və iki ölkə arasında ikitərəfli münasibətlərə xələl gətirməyə yönəlib.
Mərkəz vurğulayıb ki, terrorun harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq Türkiyə terrorun bütün formalarını rədd edir və beynəlxalq əməkdaşlıq vasitəsilə qlobal terrorizmlə mübarizədə aparıcı rol oynayır.
Qeyd olunub ki, rəsmi Ankara Birləşmiş Millətlər Təşkilatının Qlobal Terrorizmlə Mübarizə Strategiyasını fəal şəkildə dəstəkləyir və NATO-nun terrorizmlə mübarizə siyasətinin formalaşmasında əsas rol oynayır.
Dezinformasiya ilə Mübarizə Mərkəzi həmçinin bildirib ki, Türkiyənin Hindistanı və ya hər hansı digər ölkəni hədəf alan “radikallaşdırma fəaliyyətləri” aparması iddiası tamamilə əsassızdır və heç bir konkret faktla əsaslandırılmayıb.
Mərkəz əlavə edib ki, bu cür manipulyativ xəbərlər Türkiyəni hədəf alır və ölkənin qlobal təhlükəsizlik, sabitlik və sülh səylərini sarsıtmağa yönəlib.























