Tramp administrasiyası ABŞ və İsrailin İrana qarşı apardığı müharibə nəticəsində tədarük şoku ilə kəskin artan neft qiymətlərini aşağı salmaq məqsədilə Stratejik Neft Ehtiyatından 172 milyon barel neft ayıracağını elan edib.
Enerji naziri Kris Rayt martın 11-də verdiyi açıqlamada bildirib ki, Beynəlxalq Enerji Agentliyinə (IEA) üzv olan 32 ölkə prezident Trampın enerji qiymətlərini aşağı salmaq tələbinə uyğun olaraq, öz ehtiyatlarından koordinasiyalı şəkildə 400 milyon barel xam neft və emal olunmuş məhsulun bazara buraxılması barədə yekdilliklə qərar qəbul edib.
Nazir vurğulayıb ki, bu səylərin bir hissəsi olaraq prezident Tramp Enerji Nazirliyinə gələn həftədən etibarən Stratejik Neft Ehtiyatından 172 milyon barel neftin ayrılması üçün səlahiyyət verib və planlaşdırılan sürətə əsasən, bu həcmin tam tədarükü təxminən 120 gün çəkəcək.
Rayt çıxışında həmçinin Bayden administrasiyasını ABŞ enerji sektorunu zəiflətməkdə və ona zərər verməkdə ittiham edib.
O, ABŞ-nin stratejik neft ehtiyatlarını gələn il təxminən 200 milyon barel əlavə etməklə, yəni çıxarılan miqdardan 20% daha çox həcmdə bərpa etməyi planlaşdırdığını və bunun vergi ödəyiciləri üçün heç bir əlavə xərc yaratmayacağını qeyd edib.
Nazir İranın ABŞ-nin enerji təhlükəsizliyini "manipulyasiya edərək təhdid etdiyini" bildirərək, "Bu günlər artıq sona çatır" deyə vurğulayıb.
Ehtiyatlardan istifadə edilməsində ən böyük addımı
Beynəlxalq Enerji Agentliyi (IEA) də üzv ölkələrin ABŞ-İsrailin İrana qarşı apardığı müharibənin səbəb olduğu böyük tədarük kəsintilərini aradan qaldırmaq üçün neft ehtiyatlarını sərbəst buraxmağa qərar verdiyini təsdiqləyib.
Agentlik qeyd edib ki, stratejik ehtiyatlardan 400 milyon barel neftin bazara çıxarılması qurumun 50 ildən artıq tarixindəki ən böyük koordinasiyalı addım olacaq.
ABŞ hazırda Avropa, Şimali Amerika və Şimal-Şərqi Asiyanın 30-dan çox iqtisadiyyatı ilə birlikdə Beynəlxalq Enerji Agentliyinin üzvüdür.
Məlumata görə, ABŞ-nin Stratejik Neft Ehtiyatında hazırda təxminən 415 milyon barel neft var ki, bu da rəsmi tutumun (714 milyon barel) təxminən 58%-ni təşkil edir.
Daxili işlər naziri Duq Burqum isə daha əvvəl bəyan etmişdi ki, Vaşinqtonun IEA-nın bu aksiyasına qoşulub-qoşulmaması ilə bağlı yekun qərar birbaşa prezidentdən asılıdır.










