ABŞ Prezidenti Donald Tramp noyabr ayında Cənubi Afrikada keçiriləcək G20 sammitinə heç bir ABŞ rəsmisinin qatılmayacağını bildirib. Həmçinin D.Tramp noyabrın 5-də verdiyi açıqlamada Cənubi Afrikanın G20-dən çıxarılması lazım olduğunu bildirib. Buna səbəb isə Cənubi Afrika ölkəsində ağdərili vətəndaşların sistemli şəkildə “öldürüldüyü və qətlə yetirildiyi” iddialarıdır. Beləliklə ABŞ prezidenti daha öncə dəfələrlə təkzib edilmiş bu kimi fikirləri yenidən gündəmə gətirib.
D.Tramp öz sosial media platforması “Truth Social”da yayımladığı açıqlamada deyib:
“G20-nin Cənubi Afrikada keçirilməsi tam bir rüsvayçılıqıdır. Bu insan hüquqları pozuntuları davam etdikcə heç bir ABŞ hökumət rəsmisi sammitə qatılmayacaq.”
Xatırladaq ki, Amerika ölkə başçısı D.Tramp sentyabr ayında verdiyi bəyanatda G20 sammitində onu vitse-prezident CD.Vensin təmsil edəcəyini bildirmişdi. Bundan əlavə o, 2026-cı il sammitini Mayamidəki qolf kompleksində keçirməyi planlaşdırır.
“Faktlara əsaslanmayan fərziyyə”
D.Tramp Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxışı sırasında 22–23 noyabr tarixlərində keçirilməsi planlaşdırılan G20 Yohannesburq Sammitinə istinadən deyib:
“Cənubi Afrika artıq G-lərin heç birinin tərkibində olmamalıdır, çünki bu ölkədə çox pis şeylər baş verir. Buna görə də ölkəmizi orada təmsil etməyəcəyəm. Sammit orada keçirilməməlidir.”
Qeyd edək ki, ABŞ dövlət rəhbəri D.Tramp Cənubi Afrikanı dəfələrlə torpaqları müsadirə etməkdə və müəyyən qrup şəxslərə çox pis davranmaqda günahlandıraraq bunu “böyük insan hüquqları pozuntusu” adlandırıb.
Fevral ayında D.Tramp 14204 saylı Prezident Fərmanını imzalayaraq federal qurumlara “haqsız irqi ayrı-seçkiliyin qurbanları” kimi təsvir etdiyi ağdərili Cənubi Afrika sakinlərinin köçürülməsini asanlaşdırmaq və Cənubi Afrikaya göstərilən ABŞ yardımını dayandırmaq barədə göstəriş verib.
Lakin Cənubi Afrika hökuməti D.Trampın iddialarını rədd edərək bu kimi fikirlərin “faktlara əsaslanmayan bir fərziyyə” olduğunu bildirib.














