TÜRKİYƏ
3 dəqiqə oxuma
Türkiyə Ukraynanın Çornomorsk limanına hücumla bağlı narahatlığını ifadə edib
Türkiyə XİN-dən verilən bəyanatda Qara dənizdə təhlükəsizlik risklərinin artması səbəbilə ciddi narahatlıqların olduğu bildirilib
Türkiyə Ukraynanın Çornomorsk limanına hücumla bağlı narahatlığını ifadə edib
Türkiyə Ukraynanın Çornomorsk limanına hücumla bağlı narahatlığını ifadə edib / Reuters
13 dekabr 2025

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi bəyan edib ki, Türkiyə şirkəti tərəfindən idarə olunan xarici bayraqlı bir gəmiyə dəyən zərər Qara dənizdə gərginliyin artmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini bir daha ortaya qoyur.

Nazirliyin məlumatına görə, Ukraynanın Çornomorsk limanına Rusiyanın həyata keçirdiyi hücum zamanı sözügedən gəmi zərər görüb. Türkiyə bu hadisə ilə bağlı narahatlığını ifadə edərək, baş verənlərin müharibənin Qara dənizə yayılması təhlükəsi ilə bağlı daha əvvəl səsləndirilən xəbərdarlıqları bir daha təsdiqlədiyini qeyd edib.

Türkiyə Xarici İşlər Nazirliyi dekabrın 12-də yaydığı açıqlamada bildirib: “Bu hadisə regionda müharibənin Qara dənizə doğru yayılmaqda davam etməsi fonunda dəniz təhlükəsizliyi və azadlığı ilə bağlı daha əvvəl qeyd etdiyimiz narahatlıqların əsaslı olduğunu göstərir.”

Nazirlik ilkin məlumatlara əsasən gəmidə olan heyət üzvlərinin və yük avtomobillərinin sürücülərinin təxliyə edildiyini, heç bir Türkiyə vətəndaşının xəsarət almadığını və Odessadakı Baş Konsulluğun vəziyyəti yaxından maraqlanaraq vətəndaşlara zəruri dəstək göstərdiyini açıqlayıb.

Bəyanatda həmçinin qeyd olunub: “Yaranmış fürsətdən istifadə edərək, Rusiya ilə Ukrayna arasında müharibənin dərhal dayandırılmasının vacibliyini bir daha vurğulayırıq.”

 

Dəniz təhlükəsizliyi ilə bağlı çağırış

Xarici İşlər Nazirliyi Qara dənizdə gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə tərəflərin enerji obyektlərinə, liman infrastrukturunun təhlükəsizliyinə yönəlmiş hücumların dayandırılmasına dair razılaşmanın zəruriliyini yenidən diqqətə çatdırıb.

Ukrayna mediasının dekabrın 12-də yaydığı xəbərlərə görə, Rusiya Odessa bölgəsinə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib, nəticədə bir neçə nöqtədə partlayışlar baş verib və hava hücumundan müdafiə sistemləri işə düşüb.

“Dumskaya” xəbər agentliyinin məlumatına əsasən, Çornomorsk liman şəhərində və Odessanın bir neçə rayonunda partlayış səsləri eşidilib.

 

Narahatedici gərginlik

Rusiya prezidenti Vladimir Putin ötən həftə bəyan edib ki, rəsmi Moskva Ukrayna limanlarına qarşı hücumları intensivləşdirəcək. Həmçinin Ukrayna tərəfindən Rusiya tankerlərinə hücumlar davam edərsə, Ukraynanı dəstəkləyən ölkələrə məxsus gəmilərin hədəf alınması ehtimalını nəzərdən keçirə bilər. Bu açıqlamalar Rusiya ilə əlaqəli neft tankerlərinə qarşı hücumların artmasından sonra səsləndirilib.

Xatırladaq ki, Noyabrın 28-də Qambiya bayrağı altında üzən iki boş tanker pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Ukraynanın təhlükəsizlik qurumlarından bir mənbə isə beynəlxalq mediaya açıqlamasında bildirib ki, Ukrayna qüvvələri Rusiyanın neftini daşımaqla Qərbin sanksiyalarını pozan gəmilərə qarşı əməliyyatlar həyata keçirir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 1-də verdiyi açıqlamada artan hücumları “narahatedici gərginlik” kimi qiymətləndirib və rəsmi Ankaranın “heç bir halda bu hücumları qəbul etməyəcəyini” bildirərək, bütün aidiyyəti tərəflərə xəbərdarlıq edildiyini deyib.

Qeyd edək ki, Türkiyə Qara dənizlə Aralıq dənizini birləşdirən strateji əhəmiyyətli keçid nöqtəsi olan İstanbul Boğazına nəzarət edir. Bu səbəbdən bölgədə dəniz təhlükəsizliyi həm Ukraynanın taxıl ixracı, həm də Rusiyanın neft daşımaları baxımından həlledici əhəmiyyət daşıyır.

MƏNBƏ:TRT