ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında paylaşım edərək ölkəsinin İrana qarşı başlatdığı hərbi əməliyyatlarda hədəflərinə çatmaq üzrə olduqlarını bəyan edib.
Tramp qeyd edib ki, Hörmüz boğazının qorunması və ona nəzarət edilməsi bu strateji su yolundan istifadə edən digər ölkələrin öhdəliyinə verilməlidir. O, bu məsuliyyətin artıq ABŞ-ın üzərində olmamalı olduğunu vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana birgə hücumlarından sonra regionda gərginlik yüksək həddə çatıb. Məlumata görə, həmin hücumlar nəticəsində təxminən 1300 nəfər həyatını itirib. Ölənlər arasında qızlar məktəbində həlak olan 150-dən çox uşağın olduğu bildirilir.
İran buna cavab olaraq İsrailə və ABŞ-la əlaqəli hədəflərə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini elan edib. Bu addım bölgədəki münaqişəni daha da alovlandırıb.










