R.T.Ərdoğan:''Türkiyə müdafiə sənayesində mühüm irəliləyişlərə imza atır''
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın regional və qlobal sabitliyi təmin etmək üçün müdafiə sektorunda transformativ addımlar atdığını bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın regional və qlobal sabitliyi təmin etmək üçün müdafiə sektorunda transformativ addımlar atdığını bildirib. Dövlət başçısı Türkiyənin xarici siyasətdə Mustafa Kamal Atatürkün '‘Yurdda sülh, cahanda sülh'‘ prinsipinə sadiq olduğunu vurğulayıb.
Daxili birliyin gücləndirilməsi səylərini və xüsusilə müdafiə sənayesindəki inkişaflara diqqət çəkən Rəcəb Tayyib Ərdoğan deyib: "Bölgəmizdə və onun hüdudlarından kənarda sabitliyi təmin etmək üçün qətiyyətli mübarizə aparırıq".
Dövlət başçısı Yeni il gecəsi Ankaranın Polatlı rayonundakı Artilleriya və Raket Məktəbi Komandanlığında xidmət edən hərbçilərə telefonla müraciət edib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin genişlənən hərbi gücü, o cümlədən "Altay" tankları, "Fırtına" haubitsaları, "ATAK" helikopterləri, silahlı və silahsız pilotsuz uçuş aparatları, uzaq mənzilli raketlər, hava hücumundan müdafiə sistemləri, döyüş gəmiləri, sualtı qayıqlar və pilotsuz dəniz vasitələri milli imkanlarla inkişaf etdirilir.
"Müdafiənin bütün sahələrində böyük bir sıçrayış yaşayırıq", - deyən Rəcəb Tayyib Ərdoğan ölkənin öz resurslarından istifadə edərək özünü təmin edən hərbi infrastruktur qurduğunu diqqətə çatdırıb.
Prezident qeyd edib ki, ciddi çətinliklərə və maneələrə baxmayaraq Türkiyə son nailiyyətlərini davamlı uğurlara çevirmək üçün tarixi fürsət əldə edib.