Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriya xalqının bütün çətinliklərə və illərlə davam edən dağıntılara baxmayaraq ölkələrini yenidən qurmaq istiqamətində göstərdikləri iradə rəsmi Ankara tərəfindən məmnunluqla qarşılanır. O vurğulayıb ki, Suriya dövlət başçısı Əhməd Şaraanın martın 10-da əldə etdiyi razılaşmanın problemsiz icrası, Suriyanı zəif, parçalanmış və qeyri-sabit saxlamğa çalışan “pis niyyətli aktorların” planlarını alt-üst edəcək.
Bu barədə ölkə başçısı R.T.Ərdoğan dekabrın 9-da Ankarada keçirilən İnsan Hüquqları Günü tədbirində çıxışı zamanı danışıb. Prezident R.T.Ərdoğan deyib:
“Geridə qoyduğumuz bir il ərzində Suriya xalqının, bütün çətinliklərə və Əsəd diktaturasının ardında buraxdığı dağıntılara rəğmən, ölkələrini yenidən qurmaq üçün göstərdikləri şücaəti gördükcə məmnun oluruq.”
Prezident əlavə edib ki, Türkiyə dövləti Suriyanın yenidən qurulması və ayağa qalxması üçün bütün imkanları ilə dəstəyini davam etdirir.
Dövlət rəhbəri R.T.Ərdoğan həmçinin Fələstin barədə danışaraq bildirib ki, Fələstin xalqı göstərdiyi səbrin qələbə ilə taclandığını görəcək və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması ilə bölgəyə azadlıq və sülh gələcək.
Xatırladaq ki, Suriya Prezident Adminstrasiyası martın 10-da yaydığı bəyanatda bildirmişdi ki, dövlət başçısı Əhməd Şaraa ilə YPG/PKK-nın nəzarətində olan Suriya Demokratik Qüvvələri (SDQ) arasında razılaşma əldə olunub.
Razılaşma ölkə üzrə atəşkəsin təmin edilməsini, SDQ-nin Suriya dövlətinin hərbi qüvvələrinə inteqrasiya prosesini, ölkənin ərazi bütövlüyünün qorunmasını və hər cür separatçı cəhdlərin rədd edilməsini nəzərdə tuturdu.
















