V.Zelenski: "İran dronları ilə mübarizə üçün Yaxın Şərqə 200-dən çox mütəxəssis göndərmişik"

Ukrayna Prezidenti Volodimir Zelenski İranın "Şahid" dronlarına qarşı mübarizə aparmaq məqsədilə Yaxın Şərqə 201 ukraynalı mütəxəssisin göndərildiyini, daha 34 nəfərin isə bu missiyaya qoşulmağa hazır olduğunu açıqlayıb

By
V.Zelenski: "İran dronları ilə mübarizə üçün Yaxın Şərqə 200-dən çox mütəxəssis göndərmişik" / AP

Ukrayna Prezidenti Volodimir Zelenski İranın "Şahid" dronlarına qarşı mübarizə aparmaq məqsədilə Yaxın Şərqə 201 ukraynalı mütəxəssisin göndərildiyini, daha 34 nəfərin isə bu missiyaya qoşulmağa hazır olduğunu açıqlayıb.

Böyük Britaniya Parlamentinin 60-a yaxın deputatı qarşısında çıxış edən Zelenski bildirib ki, Ukrayna komandaları artıq Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Küveytə yola düşür. O, həmçinin bir neçə digər ölkə ilə də bənzər istiqamətdə əməkdaşlıq etdiklərini vurğulayıb.

Zelenski qeyd edib ki, bu mütəxəssislər ABŞ da daxil olmaqla, tərəfdaşların xahişi ilə göndərilib. Ukrayna liderinin sözlərinə görə, bu addım ABŞ-a təklif olunan və hazırda üzərində işlənilən dron müqaviləsinin bir hissəsidir. O, bütün etibarlı tərəfdaşlara praktik əməkdaşlıqdan tutmuş gələcək müdafiə ittifaqlarına qədər genişmiqyaslı sazişlər təklif etməyə hazır olduqlarını bildirib.

Prezidentin sözlərinə görə, İranın istehsal etdiyi dronlar bahalı və kritik infrastrukturu ucuz qiymətə məhv etmək üçün nəzərdə tutulub. Zelenski qeyd edib ki, İran bu dronların istifadəsini Rusiyaya öyrədib və müvafiq texnologiyaları təmin edib. O, həmçinin bildirib ki, hazırda regionda istifadə edilən "Şahid"lərin tərkibində Rusiya komponentlərinin olduğuna dair təkzibedilməz sübutlar mövcuddur.

Zelenski vurğulayıb ki, Rusiya və İran arasındakı hərbi tərəfdaşlıq səbəbindən İran ətrafında baş verənlər Ukrayna üçün uzaq bir müharibə deyil və rəsmi Kiyev bu məsələdə laqeyd qala bilməz.