Daha bir tarixi əsər Türkiyəyə qaytarıldı

Mədəniyyət və Turizm Nazirliyi antik Smirna şəhərindən qeyri-qanuni yolla ABŞ-a aparılan qədim mərmər başlığın Türkiyəyə qaytarıldığını elan edib

By
Daha bir tarixi əsər Türkiyəyə qaytarıldı / TRT World

Mədəniyyət və Turizm Nazirliyi antik Smirna şəhərindən qeyri-qanuni yolla ABŞ-a aparılan tarixi əsərin Türkiyəyə qaytarıldığını elan edib. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy rəsmi "NSosyal" platformasında etdiyi paylaşımda əvvəllər Denver İncəsənət Muzeyinin kolleksiyasında olan artefaktın mənşəyinin elmi cəhətdən təsdiqlənməsindən sonra vətəninə gətirildiyini bildirib.

Nazir qeyd edib ki, 1934-cü ilə aid hesabatlar və ekspert təhlilləri bu əsərin antik Smirna şəhərinin Aqora bölgəsindəki qazıntılar zamanı tapıldığını və Teodosiya dövrünə aid olduğunu sübut edib. Eramızın 5-ci əsrinə aid edilən bu mərmər başlığın vaxtilə ölkədən qanunsuz yollarla çıxarıldığı müəyyən olunub.

Mehmet Nuri Ersoy artefaktın Denver İncəsənət Muzeyi ilə qurulan konstruktiv dialoq və əməkdaşlıq sayəsində qaytarıldığını vurğulayıb. Hazırda İzmir Arxeologiya Muzeyində nümayiş etdirilən əsərin geri qaytarılma prosesində əməyi keçən Mədəni İrs və Muzeylər Baş İdarəsinin əməkdaşlarına təşəkkür edən nazir Türkiyənin mədəni irsini qorumaq üçün qətiyyətli mübarizəni davam etdirəcəklərini bəyan edib.