Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyindən verilən məlumata görə, "COP31 Türkiyə Könüllülük Proqramı" çərçivəsində seçiləcək 5 min könüllü zirvə sahəsi ilə yanaşı, Antalya miqyasında və Türkiyənin müxtəlif bölgələrində ətraf mühit və iqlim maarifləndirilməsinin artırılması istiqamətindəki işlərdə cəlb olunacaq.
Proqram çərçivəsində 5 min nəfərlik könüllünün 1500 nəfərinin əcnəbi könüllülərdən təşkil edilməsi nəzərdə tutulur.
Proqram üçün indiyədək 104 ölkədən 10 mindən çox şəxs müraciət edib. Müraciətlərin qəbulu avqust ayına qədər davam edəcək.
Müraciət prosesi başa çatdıqdan sonra namizədlər müəyyən edilmiş meyarlar əsasında hərtərəfli qiymətləndiriləcəklər.
Qiymətləndirmənin nəticələrinə əsasən seçilən könüllülər COP31-dən əvvəl intensiv təlim proqramına cəlb olunacaqlar. Təlimi uğurla başa vuranlar bacarıqları, maraq dairələri, xarici dil bilikləri və proqramın ehtiyacları nəzərə alınmaqla müəyyənləşdirilən sahələrdə sammit boyunca fəaliyyət göstərəcəklər.
Könüllülər qonaqların qarşılanması və yönləndirilməsi, tədbirlərə dəstək, sahə koordinasiyası, nümayəndə heyətləri ilə əlaqə, ətraf mühit və iqlim məlumatlılığı işləri daxil olmaqla, müxtəlif sahələr üzrə COP31-in təşkilinə töhfə verəcəklər.
"COP31 Türkiyə Könüllülük Proqramı"na müraciət etmək və proqramın təfərrüatları ilə tanış olmaq istəyənlər "cop31volunteers.com" internet ünvanına daxil ola bilərlər.






















