Əmir Hatəmi: ''Əli Laricaninin öldürülməsinə görə qisas alınacaq''

İran ordusunun komandanı Əmir Hatəmi İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsinə görə qisas alınacağı barədə xəbərdarlıq edib

By
Əmir Hatəmi: ''Əli Laricaninin öldürülməsinə görə qisas alınacaq'' / Reuters

İran ordusunun komandanı Əmir Hatəmi İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsinə görə qisas alınacağı barədə xəbərdarlıq edib.

Hatəmi martın 18-də verdiyi açıqlamada vurğulayıb ki, Əli Laricaniyə qarşı təşkil olunan sui-qəsdə İranın cavabı qətiyyətli olacaq.

İran İslam İnqilabı Keşikçiləri Korpusu martın 18-də yaydığı bəyanatda Əli Laricani və silahdaşlarının qanının qisasını almaq üçün İsrailin mərkəzi hissəsinə raket zərbələri endirdiyini açıqlayıb. İranın Ali Milli Təhlükəsizlik Şurası bundan əvvəl Laricaninin İsrail tərəfindən həyata keçirilən hava hücumunda oğlu və mühafizəçiləri ilə birlikdə həlak olduğunu təsdiqləmişdi.

Əli Laricani İran siyasətinin aparıcı simalarından biri idi və son qırx il ərzində dövlət mediası, təhlükəsizlik qurumları və parlament də daxil olmaqla, bir sıra yüksək vəzifələrdə çalışmışdı.

3 iyun 1957-ci ildə İraqın Nəcəf şəhərində anadan olan Laricani Şərif Texnologiya Universitetində kompüter elmləri üzrə bakalavr təhsili alıb, Tehran Universitetində isə fəlsəfə üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib.