Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Liviya müdafiə naziri Əbdüssalam Zubi ilə sentyabrın 19-da İstanbulda bir araya gəlib. Görüş rəsmi Ankara və Trablus rəhbərliyi arasında əməkdaşlığı dərinləşdirmək, eləcə də Liviyanın bölünmüş qurumlarını birləşdirmək səylərinin dəstəkləmək məqsədi çərçivəsində baş tutub.
İbrahim Kalın və Əbdüssalam Zubi görüşdə Liviya və bölgədəki son prosesləri müzakirə edərək Türkiyə-Liviya əməkdaşlığını davam etdirmək üçün atılacaq addımları nəzərdən keçiriblər. Eyni zamanda Liviyada siyasi və hərbi birliyi təmin etmək, eləcə də sabitliyi qorumaq istiqamətində davam edən səylər atrafında fikir mübadiləsi aparılıb.
Ə.Zubi Liviyada birliyi möhkəmləndirmək səylərinə görə Türkiyəyə təşəkkürünü bildirib. İ.Kalın isə rəsmi Ankaranın Liviyanın təhlükəsizliyini və sabitliyini dəstəkləməkdə qərarlı olduğunu bir daha vurğulayıb.
Təhlükəsizlik, ticarət və Aralıq dənizi üzrə münasibətlər
Türkiyənin Liviya ilə əlaqələri son bir neçə ildə təhlükəsizlik, energetika, ticarət və dənizçilik sahələrindəki əməkdaşlığı əhatə edərək əhəmiyyətli dərəcədə genişlənib.
2019-cu ilin noyabr ayında Türkiyə ilə Liviyanın həmin dövrdəki milli hökuməti arasında Aralıq dənizində dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına dair Anlaşma Memorandumunun imzalanması mühüm dönüm nöqtəsi olub. Birləşmiş Millətlər Təşkilatı səviyyəsində qeydiyyata alınan bu saziş iki ölkənin xüsusi iqtisadi zonaları arasındaki dəniz sərhədini müəyyən edir.
Sözügedən memorandum Türkiyə-Liviya münasibətlərinin və Şərqi Aralıq dənizindəki dəniz sərhədlərinə dair geniş geosiyasi müzakirələrin əsas unsuru olaraq qalmaqdadır. Ankara bəyan edir ki, bu saziş həm Türkiyənin, həm də Liviyanın dənizçilik hüquqlarını qoruyur və beynəlxalq hüquqa tam uyğundur.
Dənizçilik sahəsindəki bu memorandumu 2022-ci ilin oktyabr ayında karbohidrogen sahəsində əməkdaşlığa dair digər bir Anlaşma Memorandumu izləyib. Bu saziş quruda və dənizdə elmi, texniki, texnoloji, hüquqi, inzibati və ticarət sahələrində əməkdaşlığı əhatə edir.
Sazişlər ikitərəfli əlaqələrin təkcə təhlükəsizlik sahəsi ilə məhdudlaşmayıb daha da irəliləməsinə kömək edib. Bununla da energetika və Aralıq dənizi məsələləri Ankara-Trablus münasibətlərinin mərkəzinə yerləşib.
Rəsmi Ankara Liviyanın dövlət qurumlarını gücləndirmək səylərini dəstəkləyir
Türkiyə Liviya ilə münasibətlərini həm də bu ölkənin ərazi bütövlüyü, siyasi birliyi və institusional strukturunun gücləndirilməsi çərçivəsində formalaşdırır.
Xatırladaq ki, Avqust ayında Türkiyə və Liviya rəsmiləri təhlükəsizlik və sabitliyi möhkəmləndirmək üçün görüləcək tədbirləri müzakirə ediblər. Həmin vaxt MİT sədri İ.Kalın Türkiyənin Liviyadakı şərq və qərb administrasiyalarını vahid Liviya çətiri altında biriləşdirmək səylərinə dəstəyini davam etdirəcəyini bildirmişdi.
Beynəlxalq və regional səviyyəli təşəbbüslər vahid qurumlar yaratmağı və daimi siyasi sabitliyə yol açmağı hədəfləyir. Bu baxımdan rəsmi Ankaranın Liviyadakı müxtəlif qurumların nümayəndələri ilə apardığı təmaslar bu ölkə ilə olan münasibətlərin vacib tərkib hissəsinə çevrilib.



















