Türkiyə BMT-nin Sudandakı bazasına edilən hücumu pisləyib

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib

By
Türkiyə BMT-nin Sudandakı bazasına edilən hücumu pisləyib / AFP

Türkiyə dekabrın 15-də BMT-nin Sudandakı bazasına edilən hücumu pisləyib.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib: “Bu dəhşətli hücumda həyatını itirən banqladeşli sülhməramlıların ailələrinə başsağlığı veririk, yaralananlara şəfa diləyirik’’.

Nazirlik Sudanın birliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb və ölkədə davam edən münaqişəyə sülh yolu ilə həll tapmaq səylərinə güclü dəstəyini təkrarlayıb.

Hücum Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında davam edən münaqişə fonunda baş verib. 2023-cü ilin aprelində başlayan bu münaqişə minlərlə insanın ölümünə, milyonlarla insanın didərgin düşməsinə və dünyanın ən ağır humanitar böhranlarından birinə səbəb olub.

Sudan ordusu hücuma görə Çevik Dəstək Qüvvələrini günahlandırıb. Üsyançı qrup isə hələ açıqlama verməyib.

Həyatını itirən sülhməramlılar Sudan və qonşu Cənubi Sudanın idarə etdiyi mübahisəli, neftlə zəngin sərhəd bölgəsindəki BMT Təhlükəsizlik Qüvvələrinin tərkibində fəaliyyət göstərirdilər.