Türkiyə Böyük Millət Məclisi (TBMM) İsrailin "Qlobal Sumud Donanması"na qarşı həyata keçirdiyi silahlı müdaxiləni kəskin pisləyərək, bu addımı "quldurluq" və "hərbi cinayət" adlandırıb.
Aprelin 30-da TBMM sədri Numan Kurtulmuşun imzası ilə təqdim olunan və Baş Assambleyada yekdilliklə qəbul edilən sənəddə beynəlxalq sularda dinc donanmaya edilən hücumun beynəlxalq hüququn ağır şəkildə pozulması olduğu vurğulanıb.
Sənəddə aralarında 20 Türkiyə vətəndaşının da olduğu 180-dən çox fəalın dərhal azad edilməsi tələb olunub. Türkiyə parlamenti bu hadisə ilə bağlı beynəlxalq məhkəmələr qarşısında hüquqi prosesin başlanmasına liderlik edəcəyini və İsrailin məsuliyyətə cəlb olunması üçün qətiyyətli mövqe nümayiş etdirəcəyini bəyan edib.
Sənəddə həmçinin dünya parlamentləri və beynəlxalq təşkilatlara Qəzzadakı blokadanın aradan qaldırılması üçün birgə mövge nümayiş etdirmək barədə çağırış edilib.
Xatırladaq ki, hadisə aprelin 29-da axşam saatlarında Qəzzaya yardım aparan donanmanın Krit adası yaxınlığında Fələstin sahillərindən təxminən 926 kilometr uzaqlıqda İsrail donanması tərəfindən mühasirəyə alınması ilə başlayıb. Müdaxilə zamanı İsrail qüvvələri donanmaya məxsus 21 gəmini ələ keçirib.

















