Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 14-də Gürcüstanın Ahıska (Akhalsikhe/Mesketi) bölgəsindən Ahıska türklərinin kütləvi sürgününün 81-ci ildönümünü anaraq 1944-cü il sürgünündə həlak olanları yad edib.
“14 noyabr 1944-cü ildə təxminən yüz min Ahıska türkünün ata yurdlarından qoparılıb sürgün edilməsinin ağrısını hələ də qəlbimizdə hiss edirik. Həyatını itirən soydaşlarımıza Allahdan rəhmət diləyirəm”, – deyə R.T.Ərdoğan Türkiyənin sosial media platforması “NSosyal” üzərindən paylaşıb.
Türkiyənin Xarici İşlər Nazirliyi də yaydığı yazılı açıqlamada 14 noyabr 1944-cü ildə, o dövrdə Gürcüstan Sovet Respublikasının sərhədləri daxilində yerləşən və Türkiyəyə bitişik Ahıska bölgəsindəki təxminən 100 min Ahıska türkünün yüz illərdir yaşadıqları torpaqlardan zorla qoparılaraq Sovet İttifaqının uzaq bölgələrinə sürgün edildiyini xatırladıb.
Açıqlamada çətin yolçuluq zamanı minlərlə insanın aclıq, soyuq və xəstəlik səbəbilə həyatını itirdiyi bildirilib.
Həmçinin qeyd olunub ki, bütün çətinliklərə baxmayaraq sağ qalmağı bacaran Ahıska türkləri kimliklərini, dillərini, inanclarını və mədəni ənənələrini qoruyaraq gələcək nəsillərə ötürməyi bacarıblar.
Bundan əlavə, Türkiyə dövləti Mesket türklərinin ata yurdlarına dönüşünü təmin edəcək prosesin uğurla başa çatacağına dair ümidini bir daha ifadə edib.
1944 sürgünü
1944-cü il noyabrın 14-də Sovet rəhbərliyi Gürcüstanın cənub-qərbində yerləşən və Mesketi bölgəsinin mərkəzi olan Ahıskadakı əhalini “dövlət təhlükəsizliyinə təhdid yaratmaqda” ittiham edib.
Bir neçə saat içində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla 90 mindən çox insan evlərindən zorla çıxarılaraq yük vaqonlarına doldurulub.
Sürgün edilənlər bir aydan çox davam edən yolçuluqla Mərkəzi Asiyanın uzaq bölgələrinə aparılıb; tarixçilərin hesablamalarına görə, təxminən 17 min nəfər aclıq, soyuq və xəstəlik səbəbilə yolda həyatını itirib.










_1.jpg?width=512&format=webp&quality=80)










