ABŞ bir sıra dövlətləri narkotiklə mübarizədə uğursuz ölkələr siyahısına əlavə edəcək
D.Tramp Əfqanıstan, Kolombiya və digər ölkələrin narkotiklərlə mübarizə öhdəliklərini yerinə yetirmədiyini bildirərək maliyyə yardımının dayandırılacağını açıqladı
ABŞ prezidenti Donald Tramp Əfqanıstan, Boliviya, Myanma, Kolombiya və Venesuelanın son 12 ay ərzində beynəlxalq narkotiklərlə mübarizə üzrə sazişlərdəki öhdəliklərini “açıq şəkildə yerinə yetirmədiklərini” bildirərək bu dövlətləri narkotiklə mübarizədə uğusuz ölkələr siyahısına daxil edildiyini açıqlayıb. Bu qərar həmin dövlətlər üçün ayrılan maliyyə vəsaitlərinə təsir göstərə bilər.
Bu barədə D.Tramp sentyabrın 15-də verdiyi açıqlamada deyib: “Əfqanıstan, Boliviya, Myanma, Kolombiya və Venesuelanın beynəlxalq narkotiklərlə mübarizə sazişləri çərçivəsində öhdəliklərini yerinə yetirməkdə son 12 ayda açıq şəkildə uğursuz olduqlarını elan edirəm. Kolombiyanın ötən il narkotiklərlə mübarizə üzrə öhdəliklərini yerinə yetirməməsi tamamilə siyasi rəhbərliyin məsuliyyətidir. Kolombiya hökuməti koka bitkilərinin məhv edilməsi, kokain istehsalı və ticarətinin azaldılması üçün daha sərt addımlar atarsa, bu qərarı yenidən nəzərdən keçirəcəyəm.”
Onun sözlərinə görə, Kolombiyada prezident Qustavo Petro hökuməti dövründə qadağan edilmiş maddalərin bitki əkini və istehsalı rekord həddə çatıb, narkotik ticarəti ilə məşğul olan silahlı qruplarla aparılan barışıq cəhdləri isə böhranı daha da dərinləşdirib. Bununla belə, D.Tramp Kolombiya təhlükəsizlik qüvvələrini cəsarət və bacarıqlarına görə tərifləyib.
Qeyd edək ki, D.Tramp bundan əvvəl də Q.Petro hökumətinin narkotiklərlə mübarizə siyasətini “yetərsiz” adlandıraraq Kolombiyanı verilən yardımların azaldılmasıyla hədələmişdi.
Kolombiya dövlətinin reaksiyası
Kolombiya prezidenti Qustavo Petro isə qaçaqmalçılığa qarşı mübarizədə onlarla polis, əsgər və mülki şəxsin həlak olmasından sonra D.Tramp tərəfindən verilən bu qərarı video müraciətində qınayıb. O, kabinet iclasında çıxışı zamanı bildirib: “Narkotik kartelləri və qaçaqmalçılıqdan bəhrələnən solçu silahlı dəstələrlə mübarizədə onlarca polis və əsgər həyatını qurban verməsinə baxmayaraq, Amerika Birləşmiş Ştatları bizi yetərsiz görür”.
Kolombiyanın Vaşinqtondakı səfiri Daniel Qarsia-Pena isə ötən həftə jurnalistlərə açıqlamasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanmasından sonra fondların onsuz da azaldığını, prezident D.Trampın Kolombiyanı siyahıya əlavə etməsi halında narkotik qaçaqmalçılığı ilə birbaşa bağlı olmayan təxminən 100 milyon dollarlıq proqramın da dayandırıla biləcəyini deyib.
Qeyd edək ki, ABŞ Kolombiyanı sonuncu dəfə 1997-ci ildə, kartellərin ölkənin yüksək hakimiyyət strukturlarına sızdığı dövrdə bu dövləti narkotiklə mübarizədə uğusuz ölkələr siyahısına daxil etmişdi. 2000-ci ildən bəri isə ardıcıl ABŞ administrasiyaları Kolombiyaya milyardlarla dollar yardım göndərib. Lakin kokain istehsalının əsas xammalı olan koka tarlalarının qlifosatla məhv edilməsini nəzərdə tutan proqramın dayandırılması ilə əməkdaşlıq təxminən on il əvvəl zəifləməyə başlayıb.
Xatırladaq ki, ABŞ qanunlarına əsasən, prezident hər il əvvəlki 12 ay ərzində beynəlxalq narkotiklərlə mübarizə sazişləri çərçivəsində öhdəliklərini yerinə yetirməyən ölkələri müəyyənləşdirmək məcburiyyətindədir.