İsrail ordusu Livanın paytaxtı Beyruta endirilən hava zərbələri nəticəsində "Hizbullah"ın yüksək vəzifəli rəsmisini öldürdüyünü iddia edib.
Ordu rəsmilərinin verdiyi məlumata görə, Reda Xəzai martın 2-də Beyrutda həyata keçirilən hücum zamanı həlak olub.
İsrail tərəfi Xəzainin "Hizbullah"ın hərbi quruculuğu, İranla koordinasiya işləri, eləcə də 2024-cü il İsrail-Livan müharibəsindən sonra qruplaşmanın hərbi potensialının bərpasına cavabdeh olduğunu bildirib.
"Hizbullah" hələlik bu iddialara münasibət bildirməyib.
Qeyd edək ki, İsrailin Beyrutun cənub məhəllələrini və Livanın cənub bölgələrini hədəf alan son hava hücumlarında ən azı 52 nəfər həlak olub, 150-dən çox insan yaralanıb.
İsrail ordusu həmçinin çərşənbə axşamı ölkənin cənubunda quru əməliyyatlarına başlayıb. Mövcud gərginlik "Hizbullah"ın İsrailin şimalındakı hərbi posta hücumundan sonra daha da kəskinləşib.
Qruplaşma bu hücumun İsrailin Livana davam edən zərbələrinə, eləcə də İrana qarşı hücumuna cavab olaraq qisas xarakteri daşıdığını bəyan edib.
İsrailin 2024-cü ilin noyabrında "Hizbullah"la imzalanmış atəşkəs razılaşmasını dəfələrlə pozması nəticəsində demək olar ki, hər gün baş verən hücumlarda yüzlərlə insan həyatını itirib və yaralanıb.
Xatırladaq ki, İsrail Livana qarşı hərbi əməliyyatlara 2023-cü ilin oktyabrında başlayıb, 2024-cü ilin sentyabrında isə bu proses tammiqyaslı müharibəyə çevrilib.
Bu müddət ərzində ümumilikdə 4000-dən çox insan həlak olub, təxminən 17 000 nəfər isə yaralanıb.








