Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ilə İran arasında artan gərginliyin yaratdığı “atəş dairəsinin” kənarında qalmaqda qərarlı olduqlarını bildirərək, münaqişənin regionda uzunmüddətli və yorucu müharibəyə çevrilmə riski daşıdığı barədə xəbərdarlıq edib.
Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra çıxış edən ölkə rəhbəri R.T.Ərdoğan bildirib ki, Türkiyə prosesi dövlət ağlına əsaslanan ölçülü və ehtiyatlı yanaşma ilə idarə edir. Prezident vurğulayıb ki, rəsmi Ankara müharibənin region ölkələri arasında daha genişmiqyaslı qarşıdurmaya çevrilməsini istəmir.
Dövlət başçısı R.T.Ərdoğan qeyd edib ki, Türkiyə böhranı düzgün qiymətləndirən ölkələrdən biri kimi məsuliyyətli mövqe sərgiləyir. Onun sözlərinə görə, Türkiyə regionu qan və barıt qoxusuna bürüyən bu prosesi ilk gündən düzgün oxuyan və təhlil edən dövlətlər sırasındadır.
Prezident həmçinin Türkiyəni münaqişəyə cəlb etməyə yönəlmiş təxribatlara uymayacaqlarını da bildirib. O, həmçinin əlavə edib ki, hökumət qonşuluq münasibətləri və regional həmrəylik prinsiplərinə sadiq qalaraq prosesi soyuqqanlı və diqqətli şəkildə idarə edir.
Türkiyə Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahuya sərt tənqidlərlə çıxış edərək İsrail rəhbərliyini sabitliyi pozmaqda və regional sülhə zərər vurmaqda günahlandırıb.
“B.Netanyahunun başçılıq etdiyi soyqırım şəbəkəsi regional sülh və insanlıq naminə dərhal dayandırılmalıdır”, – deyə R.T.Ərdoğan bildirib və dünya ölkələrini cəsarətli və fəal mövqe nümayiş etdirməyə çağırıb.
Dövlət başçısı R.T.Ərdoğan vurğulayıb ki, müharibə mahiyyət etibarilə İsrailin müharibəsi olsa da, onun nəticələri qlobal miqyasda hiss olunur.
“Son 25 gün göstərdi ki, bu müharibə İsrailin müharibəsi olsa da, onun bədəlini bütün dünya ödəyir. Bu, B.Netanyahunun siyasi gələcəyi naminə apardığı müharibədir, lakin onun ağır nəticələrini 8 milyard insan yaşayır”, – deyə o qeyd edib.
Prezident qlobal enerji ticarətinin təxminən 20 faizinin keçdiyi strateji əhəmiyyətə malik Hörmüz boğazının vacibliyinə də diqqət çəkib. O bildirib ki, boğazda daşımaların pozulması qlobal iqtisadiyyatda ciddi dalğalanmalara səbəb olub.
“Xüsusilə dünya enerji ticarətinin 20 faizinin həyata keçirildiyi strateji Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatda ciddi sarsıntı yaradıb”, – deyə R.T.Ərdoğan vurğulayıb.
Prezident R.T.Ərdoğan qeyd edib ki, qlobal iqtisadi sistemə bərpası illər çəkə biləcək zərər dəymədən əvvəl bu müharibə dərhal dayandırılmalıdır. “Qlobal iqtisadiyyatda nəticələrinin aradan qaldırılması illər tələb edəcək dağıntılar yaranmadan bu mənasız və qanunsuz müharibə dayandırılmalıdır”, – deyə Prezident bildirib və dialoq kanallarının tezliklə bərpa olunmasına, real danışıqların başlanmasına çağırıb.
Ölkə rəhbəri R.T.Ərdoğan əlavə edib ki, İsrailin mövqeyi diplomatik həll səylərinə mane olmamalıdır. “İsrailin radikal mövqeyinin diplomatik həll yollarını pozmasına imkan verilməməlidir”, – deyə R.T.Ərdoğan qeyd edib.
Artan gərginliyə baxmayaraq, Türkiyənin bütün diplomatik və siyasi vasitələrdən istifadə edərək sülh və sabitlik üçün fəaliyyətini davam etdirəcəyini bildirən R.T.Ərdoğan deyib: “Türkiyə bütün gücü və imkanları ilə sülhün, ədalətin və sabitliyin təmin olunması üçün çalışmaqda davam edəcək.”
Prezident həmçinin böhranın iqtisadi təsirlərinə, xüsusilə neft qiymətlərindəki kəskin artıma toxunub. O bildirib ki, hökumət vətəndaşları qlobal iqtisadi şoklardan qorumaq üçün müxtəlif tədbirlər həyata keçirir.
“Bütün dünyaya mənfi təsir göstərən bu prosesdən vətəndaşlarımızı qorumaq üçün Eşel Mobil mexanizmi kimi müxtəlif tədbirləri tətbiq edirik”, – deyə Ərdoğan qeyd edib.
Dövlət başçısı R.T.Ərdoğan əlavə edib ki, Türkiyə iqtisadiyyatı xarici şoklara qarşı yüksək dayanıqlığa malikdir. “Bu cür gözlənilməz şoklar qarşısında Türkiyə iqtisadiyyatının davamlılıq səviyyəsi hazırda tarixinin ən yüksək mərhələsindədir. Buna heç kimin şübhəsi olmasın”, – deyə o vurğulayıb.
















