ABŞ-də yerləşən "Anthropic" və "OpenAI" süni intellekt şirkətlərinin qurum daxilində hazırlanmış, lakin hələ ictimaiyyətə təqdim olunmayan xeyli daha təkmil süni intellekt modellərinə malik olduğu iddia edilib.
Bu barədə "Axios" nəşri məlumat yayıb. Agentliyin məlumatına görə, şirkətlərin daxili müzakirələri barədə məlumatlı mənbələrə istinadən hər iki şirkət ictimaiyyətə təqdim etdikləri modellərdən xeyli daha təkmil sistemlərə malikdir. Lakin şirkətlərin bu modellərdən təhlükəsiz şəkildə istifadə olunmasını və onların nəzarət altında saxlanılmasını təmin etməkdə çətinlik çəkdiyi bildirilib.
Mənbələr qeyd ediblər ki, bu modellərin riyaziyyat, elm, kibertəhlükəsizlik və süni intellekt tədqiqatları kimi sahələrdə məntiqi mühakimə qabiliyyəti sürətlə inkişaf edir. Onların sözlərinə görə, həmin modellərə şirkətlərin öz daxili sınaqlarında belə nəzarət etmək getdikcə çətinləşir.
Şirkətlərin daxilində və süni intellekt tədqiqat icmasında gələcəkdə hazırlanacaq ən təkmil modellərin ictimaiyyətə təqdim olunmaq əvəzinə yalnız qurum daxilində istifadə edilməsi, hətta yeni modellərin təliminin dayandırılması variantlarının gündəmə gəldiyi bildirilib.
"Axios" nəşrinə danışan bir tədqiqatçı modellərin insanlardan daha ağıllı səviyyəyə çatacaq şəkildə təkmilləşdirilməsi davam edərsə, onların insanları uğurla aldada biləcəyini iddia edib.
Tədqiqatçı bu mərhələyə çatdıqda mövcud təhlükəsizlik üsullarının təsirsiz qala biləcəyini diqqətə çatdırıb.
İnkişaf etmiş modellərin məntiqi mühakimə proseslərini daha az görünən hala gətirdiyi, bəzi hallarda isə insanı inandırmaq məqsədilə həqiqəti əks etdirməyən izahatlar yaratdığı qeyd olunub.














