Şimali Koreya lideri Kim Çen In Rusiya müdafiə naziri Andrey Belousov ilə görüşündə ölkəsinin Rusiyanın xarici siyasət kursuna sarsılmaz dəstəyini bir daha bəyan edib. Şimali Koreyanın dövlət agentliyi KCNA-nın məlumatına görə, görüşdə beynəlxalq siyasi vəziyyət müzakirə olunub. Kim Çen In Pxenyanın Rusiyanın suverenliyi, ərazi bütövlüyü və təhlükəsizlik maraqlarını qorumaq istiqamətindəki fəaliyyətini tam dəstəklədiyini bildirib.
Andrey Belousovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Koreyaya səfəri çərçivəsində Rusiyanın Kursk bölgəsindəki döyüşlərdə həlak olan şimali koreyalı hərbçilərin xatirəsinə həsr olunmuş mərasimdə iştirak edib.
Qeyd edək ki, 2024-cü ildə iki ölkə arasında imzalanmış qarşılıqlı müdafiə müqaviləsinə əsasən, Şimali Koreya Ukraynaya qarşı döyüşmək üçün Kurska təxminən 14 min əsgər göndərib. Cənubi Koreya, Ukrayna və Qərb rəsmilərinin məlumatına görə, bu münaqişədə artıq 6 mindən çox Şimali Koreya hərbçisi həlak olub. Kim Çen In həmin əsgərləri fədakarlıq rəmzi adlandıraraq, onların xatirəsini əbədiləşdirmək üçün ardıcıl addımlar atacağını vurğulayıb.
Kim Çen In Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə də görüşərək strateji tərəfdaşlıq müqaviləsinə sadiqliyini ifadə edib. Rusiya Prezidenti Vladimir Putin də göndərdiyi məktubda tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəklərini vurğulayıb. Bu addımlar Pxenyan ilə Moskva arasındakı hərbi-siyasi ittifaqın yeni və daha yüksək səviyyəyə qalxdığını sübut edir.






