Arıqlama iynələrinin zərərləri
Son illərdə sosial mediada geniş yayılan arıqlama iynələri sürətli çəki itirmə vədləri ilə milyonlarla insanın diqqətini cəlb edir
Son dövrlərdə sosial şəbəkələrdə geniş müzakirə olunan, sürətlə yayılan və cəmiyyətdə ciddi suallar doğuran bir mövzuya toxunacağıq. Mövzumuz arıqlama iynələri ilə bağlıdır.
Demək olar ki, hər gün qarşımıza belə müxtəlif elanlar çıxır:
“Tez çəki atmaq mümkündür”,
“Qısa zamanda nəticə”,
“Bir iynə ilə dəyişən həyat”
Bəs bu deyilənlər həqiqətən də belədir? Bu preparatlar doğrudanmı möcüzəvidir, yoxsa arxa planda ciddi risklər gizlənir?
Bu suallara cavabı Ankara Araşdırma Xəstəxanasının Endokrinologiya və Metabolizma Xəstəlikləri üzrə mütəxəssisi, professor Mustafa Altayın açıqlamaları əsasında axtaracağıq.
Son illərdə sosial mediada geniş yayılan arıqlama iynələri sürətli çəki itirmə vədləri ilə milyonlarla insanın diqqətini cəlb edir. Xüsusilə məşhur şəxslərin istifadə etdiyi iddia olunan bu preparatlar cəmiyyətdə böyük tələbat formalaşdırır.
Professor Mustafa Altay bu təhlükəni belə izah edir: “Bu mövzuda bəzi məşhurlarla bağlı spekulyasiyaların artması poliklinikamıza müraciət edən xəstələrin sayında ciddi artıma səbəb olub.”
Bəs bu xəstələrin tələbi nədir, bilirsiniz?
“Həkim, bir iynə var, dərhal arıqladırmış, onu istifadə etmək istəyirəm”, – deyə çoxsaylı müraciətlər olur.
Professor Mustafa Altaya görə, sosial medianın təsiri ilə cəmiyyətdə yüksək səviyyədə dezinformasiya yayılıb və belə bir hal həyati risklər doğurur.
Bəs arıqlama iynələri nədir? Professor Mustafa Altay bu məsələni belə izah edir: “Arıqlama iynələri şəkər xəstəliyi üçün olan tip 2 diabetin müalicəsində və xüsusilə həyat tərzinin dəyişdirilməsi, fiziki aktivlik proqramları kimi tədbirlərə baxmayaraq çəki verə bilməyən piylənmə xəstələrində tətbiq olunan müalicə variantıdır.”
Bəs piylənmə nə deməkdir? Həkim Mustafa Altay bildirir ki, bədən kütlə indeksi 25-dən yuxarı olan şəxslər artıq çəkili, 30-dan yuxarı olanlar isə piylənmə xəstəsi hesab olunur.
Yəni bu dərman “bir az çəki atmaq istəyirəm” deyənlər üçün deyil. Bu, ciddi tibbi vəziyyət olan piylənmənin müalicəsində istifadə olunan üsuldur.
Burada ən vacib məqam isə budur ki, bu preparatların uyğun xəstələrdə istifadəsi effektiv nəticə verə bilər, lakin mütləq həkim nəzarəti altında tətbiq edilməlidir.
Bu iynəni kimlər istifadə edə bilər? Bu iynəni hər kəs istifadə edə bilərmi? Cavab: qətiyyən xeyr.
Professor Mustafa Altay bu preparatlardan istifadədən qabaq aparılmalı olan müayinələri belə sadalayır: “Bu iynənin istifadə oluna bilməsi üçün şəxsin böyrəkləri və qaraciyəri sağlam olmalı, ağır mərhələli ürək çatışmazlığı olmamalı, daha əvvəl pankreatit keçirməməli, ailəsində qalxanabənzər vəzin xərçəngi və ya bəzi endokrin sindromlar olmamalıdır.”
Göründüyü kimi, bunlar ciddi tibbi qiymətləndirmələrdir. Buna görə də Mustafa Altay xəbərdarlıq edərək deyir ki, “Bir az artıq çəkim var, piylənməm var, bu dərmanı istifadə edim, həkimə də müraciət etməyə ehtiyac yoxdur” kimi yanaşmalar son dərəcə səhvdir və təhlükəlidir.
İndi isə bu preparatın əks təsirləri barədə danışaq. Əks təsirlər çox əhəmiyyətli və olduqca ciddidir. Professor Mustafa Altay bildirir: “Dərmanın mədə-bağırsaq sistemi, öd kisəsi və pankreasla bağlı əks təsirləri ola bilər. İkinci tip diabet xəstələrində, uzun müddət insulin istifadə edən və diabetə bağlı göz problemləri olan şəxslərdə arıqlama iynələrinin gözlə əlaqəli müəyyən əks təsirlərə səbəb ola biləcəyi ehtimal edilir.”
Bu səbəbdən ailəsində pankreas xəstəliyi olan, qalxanabənzər vəzdə düyünləri və öd daşı olan xəstələr mütləq endokrinologiya mütəxəssisi tərəfindən yoxlanışdan keçməlidir.
Bu mövzu ilə bağlı ən qorxulu hissə isə: saxta dərmanlardır.
Professor Mustafa Altay qeyri-qanuni tətbiqlər barədə açıq şəkildə deyir: “Bu dərmanlar insulin kimi tətbiq olunsa da, insulin deyil. Lakin insulin iynələrinin üzərinə guya arıqlama iynəsidir deyə etiket yapışdırılaraq aparılan qeyri-qanuni tətbiqlər xəstələrin sağlamlığını ciddi risk altına salır. Şəxs arıqlama iynəsi vurduğunu zənn edir amma saxta dərman insulin ehtiva edir və bu, qan şəkərini təhlükəli dərəcədə aşağı sala bilər.”
Bəs nəticə nə ola bilər? Bu sualın cavabını həkim belə verir:
“Arıqlama iynələrini artıq çəkiyə görə istifadə etmək istəyirlər, lakin şəkər xəstəliyi olmadığı üçün, yəni qan şəkərləri normada olduğuna görə, saxta dərmandakı insulin qan şəkərinin normadan aşağı düşməsinə, komaya və hətta xəstənin həyatını itirməsinə səbəb ola bilər.”
Saxta dərmanların yarada biləcəyi digər risklər də az deyil. Professor Mustafa Altay əlavə edərək deyir: “Bu iynələr ürək çatışmazlığı olan xəstələri reanimasiyaya da düşürə bilər. Görmə ilə bağlı əks təsirlər meydana çıxa bilər. Allergik reaksiyalar baş verə bilər.”
Arıqlama iynələri düzgün göstərişlə və mütəxəssis nəzarəti altında tətbiq edildikdə piylənmənin müalicəsində effektiv nəticələr verə bilər. Lakin bunlar adi estetik vasitə deyil – ciddi tibbi müdaxilə tələb edən müalicə üsuludur.
Sosial mediada yayılan səhv məlumatlar və tez nəticə əldə etmə istəyi bir çox insanı şüursuz istifadəyə və saxta məhsullara yönəldə bilir.
Professor Mustafa Altayın da vurğuladığı kimi, çəki problemi yaşayan şəxslər ilk növbədə endokrinologiya mütəxəssisinə müraciət etməli, lazımi müayinələrdən keçməli və yalnız bundan sonra – uyğun görüldüyü təqdirdə – bu müalicəyə başlamalıdır.
Unutmamaq lazımdır ki, sağlamlıq məsələsində qısa yollar deyil, elmi və təhlükəsiz üsullar hər zaman prioritet olmalıdır. Sosial mediada olan hər məlumata inanmaq olmaz. Sağlamlıqla bağlı qərarlar mütəxəssislərlə birlikdə verilməlidir.