İsrail 7 oktyabrdan bəri Qəzzadakı xristianların 3 faizini qətlə yetirib
Həmçinin İsrail hücumları nəticəsində təxminən üç kilsə dağıdılıb
Fələstinin xarici işlər və diaspor məsələləri üzrə dövlət naziri Farsin Ağabekian Şahin bildirib ki, İsrailin oktyabr ayında başlayan hücumlarından bu yana Qəzzadakı xristian əhalinin 3 faizi öldürülüb.
Varsen Ağabekian Şahin bu rəqəmləri martın 17-də Ramallahda, aralarında Yaxın Şərqdə Sülh üçün Kilsələr (CMEP) təşkilatının icraçı direktoru rahib Mey Eli Se Kannonun da olduğu nümayəndə heyəti ilə keçirdiyi görüşdə açıqlayıb.
Fələstin Xarici İşlər Nazirliyi mövzu ilə bağlı açıqlamasında bildirib ki, V.A.Şahin görüş zamanı deyib: “İsrailin törətdiyi soyqırım Qəzzadakı xristianların 3 faizinin ölümünə səbəb olub və İordan çayının qərb sahilində xristianlara qarşı məhdudiyyətlər fonunda kilsələrin dağıdılmasına gətirib çıxarıb.”
Dövlət xəbər agentliyi VAFA-nın məlumatına görə, təxminən 2,4 milyon əhalisi olan Qəzzada 1200-ə yaxın xristian yaşayır.
Qəzza hökumətinin media ofisi bildirir ki, 7 oktyabrdan bu yana İsrail hücumları nəticəsində təxminən üç kilsə dağıdılıb.
Dövlət rəsmisi V.A.Şahin Fələstin xristian icmasının varlığı ilə bağlı narahatlığını ifadə edərək, Qəzza və İordan çayının qərb sahilində yaşayan əhaliyə qarşı İsrail işğalının hücumlarını dayandırmaq üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
Açıqlamada qeyd olunub ki, V.A.Şahin CMEP-in “Qəzzada təcili atəşkəs çağırışı etmək və ABŞ-yə İsrailə silah tədarükünü dayandırmaq üçün təzyiq göstərmək” istiqamətindəki səylərini yüksək qiymətləndirib.
Rahib Mey Eli Se Kannon təcili atəşkəsə və İsrailə silah tədarükünün dayandırılmasına təcili ehtiyac olduğunu vurğulayaraq deyib: “CMEP ABŞ-yə təzyiq göstərir və Fələstin məsələsi ilə bağlı davamlı müdafiə kampaniyaları təşkil edir.”
Qeyd edək ki, sözü gedən CMEP təşkilatı Yaxın Şərqdə sülhün təşviqi məqsədilə ABŞ siyasətinə təsir göstərməyə çalışan 30-dan çox kilsə və qurumun daxil olduğu koalisiyadır.
Törədilən soyqırım
İsrail BMT Təhlükəsizlik Şurasının bölgədə dərhal atəşkəs tələb edən qərarına baxmayaraq Qəzzaya qarşı hücumlarını davam etdirir.
Bildirilir ki, İsrail 2025-ci il oktyabr ayından bu yana, əksəriyyəti körpə, uşaq və qadınlar olmaqla, 35.600-dən çox fələstinlini öldürüb və təxminən 79.900 nəfəri yaralayıb.
İsrailin yenidən törətməyə başladığı soyqırımın üzərindən yeddi aydan artıq vaxt keçməsinə baxmayaraq, Qəzzanın böyük hissəsində hələ də dağıntılar hökm sürür, əhali isə ərzaq, təmiz su və dərman çatışmazlığı ilə üz-üzədir.
BMT bildirir ki, Qəzzada təxminən 1,1 milyon insan fəlakət səviyyəsində aclıqla qarşı-qarşıyadır və bölgənin bəzi hissələrində artıq qıtlıq müşahidə olunur.
Birləşmiş Millətlər Təşkilatı martın 17-də İsrailin genişlənən hücumları nəticəsində yaranmış ağır təhlükəsizlik şəraiti və təchizat çatışmazlığı səbəbilə Qəzzanın cənubundakı Rəfah şəhərində ərzaq paylanmasını dayandırıb.
BMT həmçinin xəbərdarlıq edib ki, bölgə üzrə humanitar yardım əməliyyatları çökmək üzrədir.
Xatırladaq ki, İsrail Beynəlxalq Ədalət Məhkəməsində soyqırım ittihamı ilə üz-üzədir. Məhkəmə İsraildən qüvvələrinin soyqırım törətməməsini və Qəzzadakı mülki əhaliyə humanitar yardımın çatdırılmasını təmin edəcək tədbirlər görməsini tələb edir.