Türkiyə dövləti Egey adalarının hüquqi statusunun mübahisə mövzusu olmadığını bildirib

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama verib

By
Türkiyə dövləti Egey adalarının hüquqi statusunun mübahisə mövzusu olmadığını bildirib / Reuters

Türkiyə Egey adalarının silahsızlaşdırılmış statusunu zəiflətməyə yönəlmiş təşəbbüsləri “ciddiyyətsiz, uğursuz və vaxtsız” kimi qiymətləndirərək tənqid edib.

Türkiyə Xarici İşlər Nazirliyi martın 5-də yaydığı açıqlamada bildirib ki, 1923-cü ildə imzalanmış Lozanna Müqaviləsi və 1947-ci ildə imzalanmış Paris Sülh Müqaviləsi çərçivəsində Şərqi Egey adaları və On İki Ada qrupunun hüquqi statusu “müzakirə mövzusu deyil”.

Bu barədə açıqlamanı nazirliyin sözçüsü Öncü Keçeli verib: “Belə olan halda, regionumuzda baş verən son hadisələri fürsətə çevirmək istəyən və hər fürsətdə NATO müttəfiqimiz Yunanıstanla ikitərəfli münasibətlərimizi zədələməyə çalışan bəzi dairələrin yeni bir oldu-bitti cəhdinə əl atması əslində təəccüblü deyil. Türkiyəni revizionizmdə ittiham edən bu dairələrin beynəlxalq hüquqa zidd şəkildə atacaqları hər bir addım hüquqi qüvvədən məhrumdur. Daha da düşündürücü olan isə bu zehniyyətin keçmişdə Kipr adasının ortaq sahibi olan kiprli türkləri toplu şəkildə məhv etməyə çalışarkən, bu gün onları da qoruyacaqlarını iddia etməsidir.”

Ö.Keçeli bildirib ki, kiprli türklər və Şimali Kipr Türk Respublikası Türkiyənin dəstəyi ilə öz təhlükəsizliklərini təmin etmək və bu məsələdə müstəqil şəkildə hərəkət etmək imkanına malikdir.

Regionda baş verən son hadisələr fonunda sülh və sabitliyə səmimi bağlılığın əhəmiyyətini vurğulayan Ö.Keçeli qeyd edib ki, rəsmi Ankara daxili siyasi məqsədlərlə hərəkət edən və ölkəmizə qarşı əsassız iddialar irəli sürərək dezinformasiya yaymağı vərdişə çevirən dairələrin oldu-bitti siyasətinə imkan verməyəcək.

Yekunda isə Ö.Keçeli tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə çağırıb.