Prezident R.T.Ərdoğan “TRT Genç” kanalının açılışını etdi

Ölkə rəhbəri R.T.Ərdoğan gənclərin zehni və mədəni inkişafını dəstəkləmək məqsədi güdən “TRT Genç” kanalının açılış mərasimində iştirak edib

By
Prezident R.T.Ərdoğan “TRT Genç” kanalının açılışını etdi / AA

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan gənc auditoriya üçün nəzərdə tutulan yeni televiziya kanalı olan “TRT Genç”in açılış tədbirində çıxış edib.

Yanvraın 15-də Ankaradakı Beştəpə Prezident kompleksinin Mədəniyyət Mərkəzində gənclərə, media nümayəndələrinə və qonaqlara müraciət edən R.T.Ərdoğan gəncləri “millətin evində” qarşılamaqdan məmnunluq hissi keçirdiyini bildirib.

TRT əməkdaşlarını təbrik edən ölkə rəhbəri R.T.Ərdoğan yeni kanalın gənclərə, ailələrə, media sektoruna və bütün xalqa fayda verəcəyini vurğulayaraq, layihəyə uğurlar arzulayıb.

Dövlət başçısı R.T.Ərdoğan qeyd edib ki, “TRT Genç” elmdən texnologiyaya, mədəniyyət və incəsənətdən idmana, tarixdən gündəlik həyata qədər geniş mövzular üzrə yayımları ilə gənclərin zehni, psixoloji və mədəni inkişafına töhfə verəcək. O, bu cür platformaların “dövrümüzün xəstəliyi olan asılılıqlarla mübarizədə” mühüm rol oynadığını bildirib. Tədbirdə iştirak edən gəncləri Türkiyənin gələcəyi adlandıran prezident R.T.Ərdoğan gənclər arasında virtual mərc və qumar oyunları, eləcə də narkotik başda olmaqla asılılıq növlərində ciddi artım müşahidə olunduğunu deyib.

 

“Həqiqət” mübarizəsi davam edəcək

Ailənin müasir “mədəniyyət müharibələri”nin əsas döyüş meydanlarından birinə çevrildiyi barədə xəbərdarlıq edən Prezident ailə institutunun misli görünməmiş hücum və mühasirə ilə üzləşdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, əyləncə məqsədi ilə başlayan rəqəmsal oyunlar gəncləri virtual mərc və qumara sürükləyən təhlükəli tələyə çevrilib.

Bu məsələyə daha qətiyyətli yanaşmanın vacibliyini qeyd edən R.T.Ərdoğan Türkiyədəki asılılıq problemi daha dərindən araşdırılmalı və bu məsələnin üzərinə israrla gedilməli olunduğunu bildirib. O, “Həqiqət” uğrunda mübarizənin “Anadolu” agentliyi və İctimaiyyətlə Əlaqələr İdarəsi də daxil olmaqla müxtəlif qurumlar vasitəsilə bütün cəbhələrdə davam etdiriləcəyini vurğulayıb.

 

Gənc tamaşaçıları əyləndirərək maarifləndirmək

Tədbirdə çıxış edən TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı “TRT Genç” telekanalının uşaq məzmunu ilə böyüklər üçün yayımlar arasında sıxışıb qalan, özünə uyğun, keyfiyyətli ekran tapa bilməyən gənclər üçün dövlətin təminatı, xalqın dəyərləri və sivilizasiyanın ehtiyacları ilə formalaşdırılmış bir məkan təqdim etdiyini bildirib.

M.Z.Sobacı qeyd edib ki, “TRT Genç” valideynlər üçün də cəlbedici olacaq, ailələrin birlikdə izləyə, birlikdə öyrənə və münasibətlərini möhkəmləndirə biləcəkləri təhlükəsiz mühit yaradacaq.

TRT-nin Baş direktoru M.Z.Sobacı deyib: “Kanalımızın fərqləndirici cəhəti bilik və keyfiyyəti ilə seçilən ekran simaları vasitəsilə övladlarımızı əyləndirərək maarifləndirməsidir. Gənc sahibkarların ideyalarını, gənc ixtiraçıların layihələrini, astronavtlarımız və alimlərimizlə görüşləri ekrana daşıyaraq gənclərimizə rol modeli təqdim edəcək, onlarda “mən də bacararam” inamını formalaşdıracağıq.”