SİYASƏT
1 dəqiqə oxuma
İran prezidenti təslim olmayacaqlarını bildirdi, qonşu ölkələrdən üzr istədi
Müvəqqəti rəhbərlik şurası qonşu ölkələrə qarşı hücumların dayandırılması və həmin ölkələrdən hücum olmadığı təqdirdə raket buraxılmaması barədə razılığa gəlib
İran prezidenti təslim olmayacaqlarını bildirdi, qonşu ölkələrdən üzr istədi
İran prezidenti təslim olmayacaqlarını bildirdi, qonşu ölkələrdən üzr istədi / AP
12 saat əvvəl

İran prezidenti Məsud Pezeşkian müharibənin ikinci həftəsinə daxil olunduğu bir vaxtda ölkəsinin İsrail və ABŞ-yə heç vaxt təslim olmayacağını bildirib.

M.Pezeşkian dövlət televiziyasında yayımlanan çıxışında qeyd edib ki, İranın düşmənləri İran xalqının qeyd-şərtsiz təslim olacağı ilə bağlı gözləntilərini özləri ilə məzara aparmalı olacaqlar.

Xəbər verildiyi kimi, İsrail və Amerika Birləşmiş Ştatları (ABŞ) fevralın 28-də İrana hücumlar həyata keçirərək İranın Ali dini lideri Əli Xameneini öldürmüş və regional münaqişənin alovlanmasına səbəb olmuşdu.

İran isə həmin tarixdən etibarən İsrailə və bölgədəki ABŞ maraqlarına, xüsusilə də Körfəz ölkələrində yerləşən hədəflərə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirərək cavab verib.

Qeyd edək ki, M.Pezeşkian Ə.Xameneinin öldürülməsindən sonra İrana rəhbərlik edən üç üzvdən ibarət müvəqqəti rəhbərlik şurasının üzvlərindən biridir.

M.Pezeşkian çıxışı zamanı İranın region üzrə həyata keçirdiyi hücumlar səbəbindən qonşu ölkələrdən üzr istəyib və bundan sonra həmin ölkələrdən hücum olmadığı təqdirdə onların hədəf alınmayacağını bildirib.

M.Pezeşkian həm İran dövləti adından, həm də şəxsi adından hücuma məruz qalan qonşu ölkələrdən üzr istədiyini qeyd edib. O əlavə edib ki, müvəqqəti rəhbərlik şurası bir gün əvvəl qonşu ölkələrə qarşı yeni hücumların həyata keçirilməməsi və həmin ölkələrdən İrana qarşı hücum olmadığı halda raket buraxılmaması barədə razılığa gəlib.

MƏNBƏ:TRT