Türkiyə aviaşirkətləri İran, İraq, Suriya, Livan və İordaniyaya bütün uçuşları dayandırıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, hakimiyyət orqanları bölgədəki vəziyyəti yaxından izləyir və aviasiya təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlər görür

By
Türkiyə aviaşirkətləri İran, İraq, Suriya, Livan və İordaniyaya bütün uçuşları dayandırıb / Reuters

Türkiyə aviaşirkətləri Yaxın Şərqdə artan gərginlik səbəbindən İran, İraq, Suriya, Livan və İordaniyaya bütün uçuşları martın 6-na qədər dayandırıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, hakimiyyət orqanları bölgədəki vəziyyəti yaxından izləyir və aviasiya təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlər görür.

Uraloğlu qeyd edib ki, İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt, İordaniya və Suriyanın cənub hissəsi üzərində hava məkanının bağlanması ilə bağlı NOTAM-lar (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma) qüvvədədir və bu ərazilər uçuşlara rəsmi olaraq qapadılıb.

Nazirin sözlərinə görə, mülki uçuşlar hazırda Oman, Səudiyyə Ərəbistanının bəzi bölgələri və Livan üzərindən həyata keçirilir. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) isə gərginliklə əlaqədar marşrutlar dəyişdirilib. "Emirates" və "Etihad Airways" aviaşirkətlərinin uçuşlarını martın 9-da bərpa etməsi planlaşdırılır.

Uraloğlu Türk Hava Yolları və "Pegasus" aviaşirkətlərinə məxusu təyyarələrin Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanında qaldığını bildirib.

Türkiyənin aşağıbüdcəli hava yolu şirkəti olan "AJet"in hazırda regionun qapalı zonalarında qalmış hər hansı təyyarəsi yoxdur. Türkiyənin bütün aviaşirkətləri riskli hava məkanlarından yayınmaq məqsədilə aktiv uçuşlarını alternativ marşrutlara yönləndirirlər.

Nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, bölgədə davam edən təhlükəsizlik riskləri səbəbindən "Türk Hava Yolları", "AJet", "Pegasus" və "SunExpress" tərəfindən İran, İraq, Suriya, Livan və İordaniyaya bütün uçuşlar martın 6-na qədər ləğv edilib. Nazir həmçinin qeyd edib ki, "Pegasus Airlines" İrana uçuşlarını martın 12-nə qədər təxirə salıb, Qətər, Küveyt, Bəhreyn və BƏƏ-yə planlaşdırılan bütün reyslər isə martın 3-nə qədər ləğv olunub.