MƏDƏNİYYƏT
3 dəqiqə oxuma
Türkiyənin ən qədim polifonik musiqi qurumu 200 illiyini qeyd edir
Bu qurum Osmanlı sultanı tərəfindən 1826-cı ildə “Muzika-i Hümayun” adı ilə təsis olunub
Türkiyənin ən qədim polifonik musiqi qurumu 200 illiyini qeyd edir
Türkiyənin ən qədim polifonik musiqi qurumu 200 illiyini qeyd edir / AA
10 saat əvvəl

Osmanlı sultanı tərəfindən yaradılan və italiyalı dirijorun rəhbərlik etdiyi Harmoniya Orkestr Komandanlığı 1826-cı ildə “Muzika-i Hümayun” adı ilə təsis olunmuş Türkiyənin ən qədim polifonik musiqi qurumu olaraq 200 illiyini qeyd edir.

Türkiyə Cümhuriyyətinin elanından sonra qurum Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün göstərişlərinə uyğun olaraq 1924-cü ildə İstanbuldan yeni paytaxt Ankaraya köçürülüb. 1975-ci ildə müddətli həqiqi hərbi xidmət keçən musiqiçilərdən ibarət Mənəvi Dəstək Qrupunun 2006-cı ildə isə Türkiyə Harmoniya Ulduzları (TURKAY) Orkestrinin tərkibə daxil edilməsi ilə qurum hazırkı strukturunu formalaşdırıb.

Harmoniya Orkestr Komandanlığı Türkiyənin və Türkiyə Silahlı Qüvvələrinin mədəni simasını həm ölkə daxilində, həm də xaricdə keçirilən yüksək səviyyəli dövlət mərasimlərində, festivallarda və iştirak etdiyi musiqi tədbirlərində nümayiş etdirir.

 

Türkiyə İstiqlal Marşının bəstəkarı Osman Zəki Üngör

Qurumun komandanı, polkovnik Levent Türkel “Anadolu” agentliyinə bildirib ki, Harmoniya Orkestr Komandanlığı 1826-cı ildə İstanbulda Osmanlı sultanı II Mahmud və 28 il bu vəzifədə çalışmış italiyalı dirijor Cüzeppe Donizetti tərəfindən yaradılıb.

Onun sözlərinə görə, C.Donizettinin vəfatından sonra Kallisto Quatelli, daha sonra isə ispan əsilli Fernando Daranda qurumun komandanı və dirijoru kimi fəaliyyət göstərib. L.Türkel qeyd edib ki, İkinci Məşrutiyyət dövrünün elanından sonra 1908-ci ildə ilk Türkiyə orkestr dirijoru Saffet Atabinen bu vəzifəyə təyin olunub.

O əlavə edib ki, daha sonrakı dövrlərdə Türkiyənin dövlət himninin bəstəkarı Osman Zəki Üngör və Zati Arca kimi bir çox tanınmış musiqiçi həm komandan, həm də dirijor qismində bu qurumda xidmət edib.

 

Mərasim və Konsert ansamblı

Harmoniya Orkestr Komandanlığının tərkibində üç ayrı musiqi kollektivi fəaliyyət göstərir: Mərasim və Konsert ansamblı, Türkiyə Harmoniya Ulduzları və Mənəvi Dəstək Qrupu.

Mərasim və Konsert ansamblının hər bir üzvü əvvəlcə ixtisaslaşdığı aləti fərdi qaydada, daha sonra qrupla birlikdə məşq edir, konsertdən əvvəl son məşqlər isə “məşqxana” adlanan studiyada keçirilir.

Ansamblın komandanı, mayor Fatih Ərdoğdu bildirib ki, orkestr quru qoşunları, dəniz və hava qüvvələrinin seçilmiş hərbi qulluqçularından ibarət xüsusi kollektivdir. Onun sözlərinə görə, 62 üzvdən ibarət orkestr əsasən nəfəs və zərb alətlərindən formalaşıb.

F.Ərdoğdu qeyd edib ki, orkestrdə truba, trombon, valtorna, bariton, eufonium və tuba kimi mis nəfəs alətləri ilə yanaşı, fleyta, qoboy, klarnet və faqot kimi ağac nəfəs alətləri də yer alır və kollektiv konsertlərində dünya orkestr repertuarının seçkin əsərlərini ifa edir.

 

Mənəvi Dəstək Qrupu

Mənəvi Dəstək Qrupu qoşun növlərində xidmət edən hərbçilər arasından xüsusi seçimlə formalaşdırılır. Musiqi qabiliyyəti olan əsgərlər bu komandaya daxil edilərək hərbi xidmətlə yanaşı incəsənət hazırlığı da keçirlər.

Yalnız çağırışçı əsgərlərdən ibarət olan bu bölmə çətin şəraitdə xidmət edən hərbçilərin mənəvi ruhunu yüksəltmək məqsədilə təşkil olunan konsertlərdə iştirak edir.

Qrupun komandanı, mayor Ahmet Kerim Acar bildirib ki, kollektiv türk xalq musiqisi, türk klassik musiqisi və Qərb klassikası da daxil olmaqla müxtəlif janrlarda çıxış edə bilir. O əlavə edib ki, qrup Ankara qarnizonunda keçirilən yüksək səviyyəli protokol tədbirlərində də iştirak edir.

 

TURKAY – Türk Harmoniya Ulduzları

TURKAY kimi tanınan Türkiyə Harmoniya Ulduzları Orkestri Türkiyə Silahlı Qüvvələrinin ordu ilə xalq arasında inteqrasiyanı gücləndirmək səyləri çərçivəsində 2006-cı il martın 3-də yaradılıb.

Yarandığı gündən etibarən TURKAY həm Türkiyədə, həm də xaricdə çoxsaylı ictimai konsertlərdə, festivallarda və müxtəlif tədbirlərdə iştirak edib.

Orkestrin komandanı, polkovnik-leytenant Kerimcan Nayman bildirib ki, kollektivin repertuarı xüsusi aranjiman edilmiş pop, caz, xalq və müasir əsərlərdən ibarətdir. Onun sözlərinə görə, orkestr 2019-cu ildə Milli Müdafiə Nazirliyinə tabe edildikdən sonra ölkəni və nazirliyi daxili və beynəlxalq tədbirlərdə uğurla təmsil edir.

MƏNBƏ:TRT