MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
İspaniyalı sənətçilər müharibələrin dayandırılması və Fələstin üçün azadlıq tələb ediblər
Madriddə keçirilən 34-cü Aktyorlar İttifaqı mükafat mərasimində əsas mövzu “müharibəyə yox” və “insan hüquqlarının pozulması” oldu
İspaniyalı sənətçilər müharibələrin dayandırılması və Fələstin üçün azadlıq tələb ediblər
İspaniyalı sənətçilər müharibələrin dayandırılmasını və Fələstin üçün azadlıq tələb ediblər / Reuters
6 saat əvvəl

İspaniyanın paytaxtı Madriddə keçirilən 34-cü Aktyorlar İttifaqı mükafat mərasimində çıxışların əsas mövzusu “müharibəyə yox” və “insan hüquqlarının pozulması” olub. İspaniyalı sənətçilər mərasim zamanı müharibələrin dayandırılmasına çağırış edərək “Azad Fələstin”ə dəstək ifadə ediblər.

İspaniyanın “La Razon” nəşrinin məlumatına görə, tədbirdə səsləndirilən çıxışlarda əsas diqqət müharibələrə qarşı mövqe və insan hüquqları pozuntularına yönəlib. Sənətçilər, həmçinin son “Oskar” mükafatlandırma mərasimində yaşanan “utancverici” vəziyyətə diqqət çəkiblər. Qeyd olunub ki, həmin mərasimdə ancaq ispaniyalı aktyor Xavyer Bardem “Fələstinə azadlıq” çağırışı edib.

Qeyd edək ki, Madriddə keçirilən mərasimdə iştirak edən sənətçilərin yaxalarında “Sənətçilər Fələstinin yanındadır” və “Müharibəyə yox” şüarları yazılmış nişanlar da diqqət çəkib.

Xatırladaq ki, İsrail və ABŞ-nin 28 fevraldan etibarən İrana qarşı birgə hücumları nəticəsində indiyədək təxminən 1.300 nəfər həyatını itirib, ölənlər arasında ölkənin ali dini lideri Əli Xamenei də var.

İran isə cavab olaraq İsrail, İordaniya, İraq və ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrinə qarşı pilotsuz uçuş aparatları və raket zərbələri endirir. Bu hücumlar nəticəsində insan tələfatı və infrastruktur zədələnməsi baş verib, eyni zamanda qlobal bazarlara və aviasiya sektoruna mənfi təsir göstərib.

Bundan başqa bildirilir ki, İsrail və ABŞ-nin İrana qarşı 28 fevralda başladığı birgə hücumlardan sonra işğal altındakı İordan çayının qərb sahilində də zorakılıq hadisələri artıb. Ötən həftə Müstəmləkəçilik və Divar Müqaviməti Komissiyası açıqlayıb ki, İranla müharibənin ilk iki həftəsində qeyri-qanuni israilli köçkünlər tərəfindən 192 hücum həyata keçirilib və nəticədə altı fələstinli öldürülüb.

MƏNBƏ:TRT