MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
Göbəklitəpə 12 il ərzində 4 milyon 400 min ziyarətçi qəbul edib
Türkiyənin cənub-şərqində yerləşən və yaşı 12 min il olan Göbəklitəpə arxeoloji sahəsi ziyarətçi sayındakı artımla birlikdə qlobal miqyasda böyük maraqla qarşılanır
Göbəklitəpə 12 il ərzində 4 milyon 400 min ziyarətçi qəbul edib
Göbəklitəpə / AA

Türkiyənin cənub-şərqində yerləşən və 12 min illik tarixə malik olan Göbəklitəpə arxeoloji sahəsi ziyarətçi sayındakı artımla birlikdə qlobal miqyasda böyük maraqla qarşılanır.

Dünyanın ən qədim məbədi olaraq bilinən Göbəklitəpə 2018-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsindən bəri keçən səkkiz il ərzində 4,4 milyondan çox ziyarətçini qəbul edib.

Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətindən təxminən 18 kilometr uzaqlıqda yerləşən Örencik məhəlləsi yaxınlığındakı bu arxeoloji sahənin tarixi təxminən 12 min əvvələ gedib çıxır.

İlk dəfə 1960-cı illərdəki səth araşdırmaları ilə diqqət çəkən ərazi 1986-cı ildə bir fermerin tarlasını şumlayarkən üzəri oyma naxışlı heykəl tapması ilə təsadüfən kəşf edilib. 1995-ci ildə başlayan sistematik arxeoloji qazıntılarda Neolit dövrünə aid, üzərləri heyvan relyefləri ilə bəzədilmiş, hündürlüyü 6 metrə və çəkisi 54 tona çata bilən "T" formalı nəhəng daş sütunlar üzə çıxarılıb.

2011-ci ildə UNESCO-nun ilkin siyahısına əlavə edilən Göbəklitəpə 2018-ci ilin iyul ayında Bəhreyndə keçirilən Dünya İrs Komitəsinin iclasında Dünya İrsi Siyahısına daxil edilib. Bu status ərazinin qlobal miqyasda tanınmasını əhəmiyyətli dərəcədə artırarkən, Türkiyə arxeoloji sahənin beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 2019-cu ili "Göbəklitəpə İli" elan edib.

COVID-19 pandemiyası və bölgədə baş verən təbii fəlakətlər səbəbindən ziyarətçi sayında müvəqqəti azalmalar yaşansa da, rəsmi məlumatlar səkkiz illik dövr ərzində ərazini ümumilikdə 4 milyon 409 min 590 nəfərin ziyarət etdiyini göstərir.

Yerli turizm rəsmiləri Göbəklitəpənin Türkiyənin cənub-şərqindəki regional turizmin mühüm hərəkətverici qüvvəsinə çevrildiyini qeyd edirlər.

Şanlıurfa Turizm İnkişafı Dərnəyinin sədri Mehmet Kamil Türkmən UNESCO-nun qeydiyyatının beynəlxalq ziyarətçilərin marağını cəlb etməkdə və ərazinin qlobal profilini gücləndirməkdə mühüm rol oynadığını bildirib.

2018-ci ildən bəri təxminən 4 milyon 5 min nəfərin ərazini ziyarət etdiyini qeyd edən Türkmən əlverişsiz hava şəraitinə baxmayaraq, 2026-cı ilin ilk yarısında belə 320 mindən çox ziyarətçinin gəldiyini sözlərinə əlavə edib.

"Anadolu" agentliyinə danışan Türkmən "Bu da ilin sonuna qədər hədəfimiz olan 1 milyona yaxınlaşa biləcəyimizi göstərir" deyib.

UNESCO-nun irs sahələrinin xüsusilə xarici turistlər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Türkmən "Bir yerdə əgər UNESCO-nun bir abidəsi varsa, xarici turist nəzəri ilə baxdıqda orası mütləq ziyarət edilməli olan bir yerdir", - ifadələrini işlədib.

Türkmən həmçinin Balıklıgöl və Harran kimi bölgədəki digər turizm məkanlarının da UNESCO-nun namizəd siyahılarında olduğunu, yaxınlıqdakı Karahantəpə arxeoloji sahəsinin isə gələcəkdə daimi siyahıya daxil edilməsinin gözlənildiyini qeyd edib.