Surp Qiragos Erməni Kilsəsi Vəqfinin rəsmisi Ohannes Qafur Ohanyan ölkələr arasında artan təmasların dostluğu dərinləşdirə biləcəyini və 1993-cü ildən bəri bağlı olan sərhədin yenidən açılmasına zəmin yarada biləcəyini bildirib.
Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkirdəki erməni kilsə vəqfinin yüksək vəzifəli rəsmisi Ankara ilə İrəvan arasındakı normallaşma prosesini məmnunluqla qarşıladığını və artan təmasların iki ölkə arasındakı dostluğu dərinləşdirə biləcəyini deyib.
Surp Qiragos Erməni Kilsəsi Vəqfinin sədr müavini Ohannes Qafur Ohanyan "Anadolu" agentliyinə verdiyi açıqlamada deyib: "Ermənistan ilə Türkiyə arasındakı yaxınlaşmanı çox müsbət qiymətləndiririk” deyib.
Ohanyan bu bəyanatı yeddi türk və yeddi erməni jurnalistin Diyarbəkirin tarixi Sur rayonundakı Surp Qiragos Erməni Kilsəsinə etdikləri səfər zamanı verib. Sözügedən səfər iki ölkə arasındakı normallaşma prosesini dəstəkləmək məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən media turu çərçivəsində təşkil olunub.
Ohanyan deyib: "Bu cür səfərlərin və tədbirlərin artması ilə iki ölkə arasındakı dostluğun daha da möhkəmlənəcəyinə inanırıq. Ümid edirik ki, sərhədlər də yaxın zamanda açılar".
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında hazırda diplomatik əlaqələr yoxdur. İki ölkə arasındakı quru sərhədi 1993-cü ildən bəri bağlı vəziyyətdədir. Tərəflər 2021-ci ilin sonlarında normallaşma təşəbbüsünə başlayaraq, Türkiyənin keçmiş səfirlərindən Sərdar Kılıçı və Ermənistan Parlamenti sədrinin müavini Ruben Rubinyanı xüsusi nümayəndə təyin ediblər.
Türkiyə Xarici İşlər Nazirliyi may ayında yaydığı bəyanatda sərhədin yenidən açılmasına yönəlmiş texniki və bürokratik işlərin davam etdiyini, birbaşa ticarətlə bağlı hazırlıqların isə tamamlandığını bildirib.
May ayının əvvəlində Ermənistana səfər edən Türkiyə Vitse-prezidenti Cevdet Yılmazın təmasları zamanı rəsmilər sərhəddə yerləşən və Orta əsrlərə aid tarixi Ani körpüsünün birgə bərpa edilməsinə dair anlaşma memorandumu imzalayıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan da keçən ay Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində görüşərək normallaşma prosesinin irəlilədilməsi, ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi və regional nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Kilsə dünyanın dörd bir tərəfindən erməniləri bir araya gətirir
Ohanyanın verdiyi məlumata görə, Diyarbəkirdəki erməni icması təxminən 60-65 nəfərdən ibarətdir. İcma kiçik tərkibinə baxmayaraq, kilsə mərkəzli fəal dini və sosial həyat sürür.
Ohanyan deyib: "Burada daimi fəaliyyət göstərən din xadimimiz olmadığı üçün mühüm dini bayramlarda ildə təxminən səkkiz-on dəfə ayin təşkil edirik".
Ohanyan 800 illik tarixə malik Surp Qiragosun Yaxın Şərqdəki ən böyük erməni kilsəsi olduğunu və həm Ermənistandan, həm də Avropa və Birləşmiş Ştatlardakı diasporadan ziyarətçilər cəlb etdiyini vurğulayıb.
Uzun illər istifadəsiz qalan kilsə yerli vəqfin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyi başda olmaqla müxtəlif Türkiyə dövlət qurumlarının dəstəyi ilə əsaslı bərpa olunaraq yenidən ibadətə açılıb.
Kilsə daha sonra, 2015-ci ildə Sur rayonunda terror təşkilatı PKK ilə baş verən toqquşmalar zamanı zədələnib. Vəqflər Baş İdarəsinin koordinasiyası və Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin ayırdığı vəsait hesabına bərpa edilən kilsə yeddi illik fasilədən sonra yenidən istifadəyə verilib.
İkinci tarixi kilsədə bərpa işləri davam edir
Vəqfə məxsus ikinci kilsə olan Alipaşa məhəlləsindəki təxminən 500 illik Surp Sarkis Kilsəsi camaatı olmadığı üçün zamanla baxımsız qalaraq uçulub-dağılıb. Tikili 2023-cü ilin fevralında mərkəzi Qəhrəmanmaraş olan zəlzələlərdən də zərər çəkib.
Bərpa işlərinə Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı qrant hesabına 2024-cü ildə başlanılıb.
Ohanyan: "Surp Sarkis təxminən bir əsrə yaxın idi ki, xaraba vəziyyətdə idi. Mühüm məsafə qət etmişik və ana binadakı tikinti-bərpa işlərini böyük ölçüdə tamamlamışıq", -deyə bildirib.
İş adamlarına, xeyriyyəçilərə və ictimaiyyətə daha çox dəstək olmaları üçün çağırış edən Ohanyan: "Mühüm bir kilsə xilas edilir", deyib.






















