MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
33-cü "İstanbul Caz Festivalı" start götürüb
Əfsanəvi “Led Zeppelin” qrupunun solisti Robert Plant, həmçinin Markus Miller, “Thee Sacred Souls” və Aruc Aftabın da aralarında olduğu 200-ə yaxın sənətçi iyulun 13-dək İstanbulda səhnə alacaq
33-cü "İstanbul Caz Festivalı" start götürüb
33-cü İstanbul Caz Festivalı start götürüb / AA

Türkiyənin ən məhşur beynəlxalq musiqi festivallarından biri olan 33-cü “İstanbul Caz Festivalı” iyulun 13-nə qədər dünyanın dörd bir yanından təxminən 200 sənətçini İstanbulun müxtəlif səhnələrində bir araya gətirəcək.

İstanbul Mədəniyyət və İncəsənət Vəqfi (İKSV) tərəfindən təşkil olunan 14 günlük festival çərçivəsində 30-a yaxın konsert keçiriləcək. Bununla yanaşı, cazın və onun fərqli musiqi janrlarına təsirini əhatə edən bir sıra xüsusi tədbirlər də təşkil olunacaq.

İyunun 30-da keçirilən açılış mərasimində türkiyəli caz vokalçısı Senem Diyici festivalın “Ömürlük Nailiyyət Mükafatı”na layiq görülüb.

Festivalın direktoru Harun İzer tədbirlə bağlı “Anadolu” agentliyinə (AA) açıqlama verib. O, festivalın uzunömürlü olmasının bu tədbiri həm musiqiçilər, həm də tamaşaçılar üçün mühüm etdiyini bildirib.

H.İzer deyib: “İstanbul Caz Festivalı bu il 33-cü dəfə keçirilir. Bu, bizim üçün çox gözəl bir hissdir. Əlbəttə ki, festivalların belə uzun illər davam etməsi həm bu işin içində olan insanlar, həm tamaşaçılar, həm də musiqiçilər üçün çox böyük bir üstünlükdür, çox böyük faydadır”.

Qeyd edək ki, bu ilin əsas sənətçiləri arasında festivalın açılışını edən “Qremmi” mükafatı laureatı, bas gitaraçı Markus Miller və əfsanəvi “Led Zeppelin” qrupunun solisti Robert Plant yer alır. Onların cərgəsində ABŞ-nin “Thee Sacred Souls” soul qrupu və “Sufi” musiqi ənənələrini cazla sintez etməsi ilə tanınan Pakistan əsilli amerikalı müğənni-bəstəkar Aruc Aftab da var.

Konsertlərlə yanaşı, festivalda xüsusi layihələr də yer alır. Bunların arasında pulsuz açıq hava performansları təqdim edən “Jazz in the Parks” və musiqiçilərin İstanbul Boğazında hərəkət edən bərənin göyərtəsində səhnə aldığı “Jazz Ferry” var. Eyni zamanda, İstanbulun Kadıköy səmtində müxtəlif məkanlarda təşkil olunan “Night Out” adlı konsertlər seriyası da proqrama daxildir.

“Jazz Flavours” adlı yeni tədbirdə isə canlı çıxışlar xüsusi menyularla birləşdiriləcək. Bu menyular caz sənətçilərinin ən çox sevdiyi təamlardan ilhamlanaraq xüsusi olaraq hazırlanacaq.

H.İzer festivalın Şimali və Cənubi Amerika, Avropa və Asiyadan olan sənətçiləri qəbul etdiyini bildirib. O, bunun tədbirin geniş beynəlxalq baxış bucağını əks etdirdiyini vurğulayıb.

Festival müddətində parklar və tarixi məkanlardan tutmuş İstanbulun dörd bir tərəfindəki açıq hava teatrlarına qədər müxtəlif yerlərdə 200-ə yaxın sənətçi çıxış edəcək.

MƏNBƏ:TRT