İstanbul Atatürk Hava Limanında TRT-nin tərəfdaşlığı ilə keçirilən ənənəvi Etnosport Mədəniyyət Festivalının rəsmi açılış mərasimi baş tutub.
Mərasimdə çıxış edən Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan festival iştirakçılarını və qonaqları salamlayaraq dörd gün davam edəcək tədbir boyu zəngin mədəni tədbirlərin keçiriləcəyini vurğulayıb. B.Ərdoğan proqram çərçivəsində əsasən milli güləş və atçılıq idman növləri olmaqla, müxtəlif ənənəvi oyunların oynanacağına diqqət çəkib.
Bu festival vasitəsilə xüsusilə uşaqların və ailələrin milli-mədəni köklərlə sıx əlaqə quracağını qeyd edən konfederasiya rəhbəri deyib: "Bu il mədəniyyətimizin zənginliyinin bir daha şahidi olacağıq. Ailəvi olaraq keçmişin ab-havasını hiss edəcək, dünyanın dörd bir yanından gələn sənətçiləri, idmançıları və mədəniyyət xadimlərini qonaq edəcəyik. Bu gün buraya toplaşan uşaqlarımız mədəni zənginliyimizin nə qədər dəyərli və mənalı olduğunu şəxsən təcrübə edəcəklər".













