Türkiyədə kiber-casusluqla mübarizə əməliyyatında iki şübhəli şəxs saxlanılıb
Oğurlanmış məlumatlarla yaradılan internet saytları bloklaıb və avadanlıqlar müsadirə edilib
Təhlükəsizlik mənbələrinin yaydığı məlumatına görə, Türkiyə kəşfiyyatı və jandarma qüvvələri İstanbul və Adanada həyata keçirilən koordinasiyalı əməliyyatlarda kiber-casusluq şəbəkəsinə bağlı iki şübhəlini noyabrın 8-də saxlayıb.
Əməliyyat tədbirləri Ankara Respublika Baş Prokurorluğunun göstərişi ilə aparılıb.
İstintaqçılar müəyyən ediblər ki, hər iki şübhəli daha böyük bir kiber cinayət təşkilatı ilə əlaqəlidir.
Əməkdaşlar axtarış zamanı qanunsuz kiber fəaliyyətdə istifadə edildiyindən şübhələnilən rəqəmsal avadanlığı və xarici əlaqələrə malik sistemləri ələ keçiriblər.
Şübhəlilər dindirmə zamanı öz əməllərini etiraf edərək şəxsi məlumatlara icazəsiz daxilolma fəaliyyətinə qarışan şəxslər və qruplar barədə məlumat veriblər.
Hər iki şübhəli Türkiyənin kiber təhlükəsizlik qanunu çərçivəsində həbs edilib, xaricdə olduğu ehtimal edilən digər şəxslər barəsində isə axtarış qərarı çıxarılıb.
İstintaq davam etdikcə yeni sübutların ortaya çıxması gözlənilir.
Bundan əlavə, əməliyyat çərçivəsində oğurlanmış şəxsi məlumatlardan hazırlanmış 24 internet saytına giriş bloklanıb.