Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən COP31 Liderlər Sammitində nümayiş etdirilən siyasi iradənin Paris Sazişinin məqsədlərinə çatmaq baxımından ümidverici olduğunu bildirib.
"Antalyada nümayiş etdirilən siyasi öhdəlik Paris Sazişi çərçivəsində görüləcək işlər baxımından ümidvericidir. Gəlin bu iradəni qoruyaq, səylərimizi davam etdirək və 1,5 dərəcə hədəfinə nail olaq", – deyə R.T. Ərdoğan vurğulayıb.
Sammitdə iştirak edən bütün dövlət və hökumət başçılarına dərin minnətdarlığını bildirən Türkiyə lideri qlobal sınaqlar dövründə liderlərin bir araya gəlməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, beynəlxalq təşkilatlara, inkişaf banklarına və bütün tərəfdaşlara konstruktiv töhfələrinə görə təşəkkür edib.
2015-ci il Paris Sazişinin ikinci onilliyinə qədəm qoyduğunu xatırladan R.T. Ərdoğan iqlim böhranı ilə mübarizənin həm elmi, həm də mənəvi zərurət olduğunu bildirib.
"Biz artıq iqlim böhranından zərər çəkən bütün insanların, gələcək nəsillərin, eləcə də cəmiyyətlərimizin və iqtisadiyyatlarımızın taleyinə görə məsuliyyət daşıyırıq",-deyə dövlət başçısı vurğulayıb.
Sammitdə iqlim dəyişikliyindən ən çox zərər çəkən ölkələrə maliyyə dəstəyinin vacibliyinin ön plana çəkildiyini deyən Prezident İqlim İcra Körpüsü mexanizminin güclü dəstək qazandığını açıqlayıb. O, bu mexanizmin mövcud öhdəlikləri real nəticələrə çevirməyi hədəflədiyini vurğulayıb.























