Qazaxıstanda konstitusiya dəyişikliyi ilə fəaliyyətə başlayan birpalatalı parlament sistemi çərçivəsində yaradılmış Qurultay üçün deputat seçkiləri avqustun 23-də keçiriləcək.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qurultay deputatlarının seçkilərinin keçirilməsi haqqında fərman imzalayıb.
Fərmanda Qazaxıstan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 3-cü bəndi və 95-ci maddəsinis 1-ci hissəsinə müvafiq olaraq, Qurultay deputatlarının seçkilərinin 23 avqust 2026-cı il tarixində keçirilməsinin qərara alındığı bildirilib.
Qərar bu gündən etibarən qüvvəyə minib. Seçkilərin hazırlıq və təşkilati prosesini Qazaxıstan Mərkəzi Seçki Komissiyası idarə edəcəyi bildirilir. Hökumətə, həmçinin paytaxt, vilayətlər və respublika statuslu şəhərlərin yerli icra hakimiyyətlərinə seçkilərin təşkili üçün zəruri olan inzibati, texniki və maliyyə tədbirlərini görmək tapşırılıb.
Qeyd edək ki, Qazaxıstanda 1995-ci ildən bəri fəaliyyət göstərən, Məclis və Senatdan ibarət ikipalatalı parlament sistemi martın 15-də keçirilən konstitusiya referendumundan sonra başa çatıb. Referendumun nəticəsinə əsasən, 145 yerlik və Qurultay adlanan birpalatalı yeni qanunverici orqanın yaradılması qəbul edilib.
















