TÜRK DÜNYASI
2 dəqiqə oxuma
Hakan Fidan AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Xarici işlər naziri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxış edib
Hakan Fidan AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşü Bakıda davam edir.

Xarici işlər naziri Hakan Fidan: "(AQEM) Üzvümüz Fələstinin hüquqlarını dəstəkləmək, davam edən zülm və ağır pozuntulara qarşı durmaq mövzusunda qətiyyətli mövqe nümayiş etdirməliyik. Qalıcı həll 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin Dövlətinin qurulmasını tələb edir",-deyib.

Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğan adından iştirak etdiyi, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə çıxış edib.

Asiyanın yüksəlişinin damğasını vurduğu dövrdə sülh və rifahı təmin etmək üçün daha güclü AQEM-nin zərurət olduğunu vurğulayan Fidan deyib: "Türkiyə olaraq AQEM-ni Asiyanın ən əhatəli təhlükəsizlik forumu kimi gücləndirməkdə qərarlıyıq. Bu çərçivədə nəqliyyat əlaqələrini genişləndirərək və enerji dəhlizlərini şaxələndirərək iqtisadi təhlükəsizliyi artırmalı və qarşılıqlı əlaqəliliyi inkişaf etdirməliyik".

Dünyada getdikcə artan böhranların beynəlxalq platformalarda qeyri-müəyyənliyin dərinləşməsinə gətirib çıxardığı barədə xəbərdarlıq edən Fidan ortaq problemlərə kollektiv həll yollarının tapılmasının hər zamankından daha təxirəsalınmaz ehtiyac olduğunu bildirib.

Fələstin məsələsi

Hakan Fidan sülhə və qarşılıqlı etimada sadiqliyin hər bir üzv üçün qüvvədə olmasının vacibliyini qeyd edib.

"AQEM üzvü olan İsrail sistematik təzyiq siyasəti yürüdərək Fələstin xalqının təməl hüquqlarını pozduğu bir vaxtda bu sadiqliyi qoruyub saxlaya bilmərik", -deyən Fidan sözlərinə belə davam edib:

"Üzvümüz Fələstinin hüquqlarını dəstəkləmək, davam edən zülm və ağır pozuntulara qarşı durmaq mövzusunda qətiyyətli mövqe nümayiş etdirməliyik. Qalıcı həll 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin Dövlətinin qurulmasını tələb edir".

Xarici işlər naziri zirvənin qitə miqyasında davamlı sülhün və artan rifahın təmin edilməsi məqsədilə daha səmərəli AQEM üçün açıq və aydın yol xəritəsi ortaya qoymalı olduğunu vurğulayıb.