TÜRK DÜNYASI
3 dəqiqə oxuma
Türkiyə TDT üzvləri ilə 5 ildə 72,2 milyard dollarlıq ticarət həyata keçirib
Həmçinin bu ölkələrlə ticarətdən süni intellektə qədər bir çox sahədə əməkdaşlıq dərinləşdirilir
Türkiyə TDT üzvləri ilə 5 ildə 72,2 milyard dollarlıq ticarət həyata keçirib
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin bayraqları (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan)

Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə son 5 ildə qarşılıqlı ticarət dövriyyəsi 72,2 milyard dollar təşkil edib. Bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat verib.

Türk Dövlətləri Təşkilatı Türk dünyası dövlətləri arasındakı ortaq əlaqələri geostrateji, iqtisadi və təhlükəsizlik sahələrində tərəfdaşlığa çevirmək məqsədilə 2009-cu il oktyabrın 3-də "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası" adı ilə təsis edilib. 2021-ci ildə TDT adını alan qurumun "Türk Dünyası 2040 Vizyon Sənədi" çərçivəsində üzv ölkələrin siyasi, iqtisadi, mədəni və sosial cəhətdən inteqrasiya olunmuş güclü regional qüvvəyə çevrilməsi hədəflənir.

Bu çərçivədə təşkilatın orta və uzunmüddətli məqsədləri sırasına üzv dövlətlər arasında əmtəə, kapital, xidmət, texnologiya və insan resurslarının sərbəst hərəkətinin mərhələli şəkildə təmin edilməsi daxildir. Həmçinin Orta Koridorun dünyanın ən sürətli, təhlükəsiz və ucuz loqistika marşrutuna çevrilməsi də əsas hədəflər arasındadır.

TDT eyni zamanda, bərpa olunan enerji və rəqəmsal şəbəkə texnologiyalarında birgə investisiyaların qoyulmasını, regional və qlobal böhranlarda üzv ölkələrin birgə hərəkət etməsini strateji prioritetləri kimi görür.

 

Türkiyə xarici ticarətdə 10,9 milyard dollar müsbət saldo əldə edib

Türkiyənin təşkilata üzv ölkələrlə qarşılıqlı ticarəti son illərdə sabit artım nümayiş etdirir. Bununla yanaşı, sərmayə qoyuluşları və yeni əməkdaşlıq sahələri də inkişaf edir.

Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, 2021–2025-ci illər ərzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistana ümumi ixrac 41,6 milyard dollar olub. Eyni dövrdə bu ölkələrdən edilən ümumi idxal isə 30,6 milyard dollar təşkil edib.

Beləliklə, Türkiyənin sözügedən ölkələrlə son 5 ildəki ticarət dövriyyəsi 72,2 milyard dollara çatıb. Bu müddətdə Türkiyə üzv ölkələrlə apardığı xarici ticarətdə 10,9 milyard dollarlıq müsbət saldo əldə edib.

Türkiyə İxracatçılar Məclisinin (TİM) göstəricilərinə əsasən, bu ilin 9 ayı ərzində müvafiq ölkələrə edilən ixracın həcmi 4,8 milyard dollar olaraq qeydə alınıb.

 

Ən çox ixrac Azərbaycana həyata keçirilib

Türkiyənin son 5 ildə ən çox məhsul satdığı ölkə 13,7 milyard dollarla Azərbaycan olub. Bu dövrdə Qazaxıstana 12,4 milyard dollar, Özbəkistana 9,9 milyard dollar, Qırğızıstana isə 5,6 milyard dollarlıq ixrac reallaşdırılıb.

Eyni dövrdə ən çox mal alınan ölkə 16,7 milyard dollarla Qazaxıstan olub. Azərbaycandandan 6,2 milyard dollarlıq, Özbəkistandan 6,9 milyard dollarlıq, Qırğızıstandan isə 951,9 milyon dollarlıq idxal qeydə alınıb.

 

Orta Koridor ticarət əlaqələrini gücləndirir

Hazırda Türkiyə ilə Azərbaycan arasında müdafiə, energetika, nəqliyyat, media və texnologiya kimi bir çox sahədə birgə layihələr həyata keçirilir. Bu çərçivədə, Asiya ilə Avropanı bir-birinə bağlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti iki ölkə arasındakı nəqliyyat əməkdaşlığının mühüm unsurlarından biri kimi öndə gəlir.

Türkiyə və Qazaxıstan tarixi əlaqələrini son illərdə xüsusilə Orta Koridor vasitəsilə strateji iqtisadi tərəfdaşlığa çeviriblər. İkitərəfli əməkdaşlıq süni intellekt, innovasiya və kosmik fəaliyyətlərdən dağ-mədən sənayesinə qədər geniş spektri əhatə edir.

Qırğızıstan və Özbəkistan ilə əlaqələr də Orta Koridor, beynəlxalq nəqliyyat xətləri, energetika, dağ-mədən sənayesi, azad zonalar, rəqəmsal ticarət və qarşılıqlı investisiyalar vasitəsilə dərinləşməkdədir.

MƏNBƏ:TRT
Araşdırma
Özbəkistanda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda iclas keçiriləcək
Qazaxıstan Prezidenti K.J.Tokayev orduda islahatlar aparmaq istiqamətində tapşırıq verib
Prezident R.T.Ərdoğan 27 Sentyabr Anım Günü münasibətilə paylaşım edib
İlham Əliyev: "Cənubi Qafqazda bərqərar olmaqda olan sülh yeni imkanlar yaradır"
Qazaxıstanda təlim zamanı həlak olan hərbçilərin sayı 14-ə çatıb
Türkiyə, Azərbaycan və Özbəkistanın birgə təlimində əsas hərbi hədəflər tam məhv edilib
Qazaxıstanda keçirilən təlim zamanı 9 hərbçi həyatını itirib, 7-si itkin düşüb
Ahlatda evlərinə yerləşən Ahıska türkləri şəxsiyyət vəsiqələrinə də qovuşdular
Türk Dünyası Bəstəkarlar İttifaqı yaradıldı
Bu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasından 108 il ötür
Qazaxıstanla Türkiyə arasında readmissiya haqqında saziş imzalanıb
Astanada Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin görüşü keçirilib
ŞKTR Baş naziri: "Gəminin batması nəticəsində həlak olanların sayı 12-yə çatıb"
ŞKTC-də gəminin aşması nəticəsində itkin düşən 20 nəfərin axtarışı davam edir
Prezident Ərdoğan: "Bütün dünyada sülh və sabitlik üçün çalışmağa davam edirik"
Azərbaycan Prezidenti Əliyev: "Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir"
ŞƏT Dövlət Başçıları Şurasının iclası Qırğızıstanın paytaxtı Bişkekdə başlayıb
Prezident Ərdoğan Qırğızıstana səfər edib
Ünal Üstel Girnə sahillərində baş verən gəmi qəzası ilə bağlı açıqlama verdi
Qazaxıstanda hökumət istefaya gedib