Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi Türk Dövlətləri Təşkilatının (TDT) təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 17-ci il dönümünü münasibəti ilə 3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Gününü təbrik edib.
Nazirlikdən verilən yazılı bəyanatda Türk Dövlətləri Təşkilatının fəaliyyətinə diqqət çəkilib. Bildirilib ki, təşkilat ortaq tarix, dil və qardaşlıq əlaqələrindən aldığı güclə Türk dünyası arasındakı həmrəyliyi institusional çərçivəyə salan və əməkdaşlığı möhkəmləndirən mühüm bir platformaya çevrilib.
Bəyanatda Türkiyənin 29-30 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının 13-cü Sammitinə ev sahibliyi edəcəyi vurğulanıb. Bəyanatda deyilir: "29-30 oktyabr tarixlərində ölkəmizin ev sahibliyi ilə keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Sammiti bu tərəfdaşlığı daha da irəliyə aparacaqdır".
Açıqlamada, həmçinin Türkiyənin Türk dünyasının insan, iqtisadi və strateji potensialını ortaq rifaha yönəltmək məqsədilə fəaliyyətini davam etdirəcəyi qeyd olunub.




















